AZ

Qəza zamanı xəstənin ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsü amnistiyaya düşdü

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Daşqın İsgəndərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Daşqın İsgəndərovun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilib. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunub.


İttihama görə, Daşqın İsgəndərov Saatlı Rayon Mərkəzi Xəstəxanasında (RMX) sürücü işləyib.


Hadisə 2023-cü ildə Saatlı rayonu ərazisində qeydə alınıb.


Belə ki, o, Saatlı Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım (TTTY) şöbəsinə daxil olmuş çağırış əsasında TTTY briqadasının üzvləri – həkim zərərçəkmiş S.S. və feldşer Y.Y. ilə birlikdə xəstə, zərərçəkmiş L.L.-i (hər üçünün adı, soyadı şərtidir) Saatlı RMX-yə təxliyə ediblər.


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə məxsus “Fiat Doblo” markalı avtomobili idarə edən Daşqın rayonun Dədə Qorqud kəndi ərazisinin döngəli hissəsində yol-nəqliyyat hadisəsi törədib. Təqsirləndirilən şəxs avtomobili ona verilmiş yol vərəqəsi əsasında “Dədə Qorqud – Saatlı şəhəri” istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub.


Məhkəmə tərəfindən müəyyən edilib ki, məhkum yolun döngəli hissəsində avtomobilin hərəkət hissəsində dayanıqlı idarə olunmasını təmin etməyib və nəticədə qarşı istiqamətdə, öz hərəkət zolağı ilə hərəkətdə olan F.A.-nın (adı, soyadı şərtidir) idarə etdiyi “Hyundai Sonata” markalı maşının hərəkət zolağına çıxaraq toqquşmaya səbəb olub.


Hadisə nəticəsində avtomobildə olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, xəstə L.L. isə vəfat edib.


Saatlı Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti isə təmin olunub. Qərara əsasən, Saatlı Rayon Məhkəməsinin hökmü dəyişdirilərək məhkumun cəzası 4 il 6 ay müddətinə endirilib. Onun üzərində 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb, hökmün qalan hissələri isə dəyişdirilmədən qüvvədə qalıb. Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 29 Yanvar 2026, 08:11   
Seçilən
30
5
pravda.az

6Mənbələr