AZ

ABŞ ilk dəfə saxlanılan tankerlərdən birini Venesuelaya qaytarır

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ hakimiyyəti bu ay saxlanılan tankerlərdən birini Venesuelaya təhvil verəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi adları açıqlanmayan iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, söhbət yanvarın 7-də Karib dənizində beynəlxalq sularda saxlanılan Sophia adlı supertankerdən gedir.

"Reuters" qeyd edir ki, bu, ABŞ administrasiyasının ələ keçirdiyi tankerlərdən Venesuelaya qaytardığı ilk gəmi olacaq. Qərarın hansı əsaslarla verildiyi açıqlanmayıb.

Xatırladaq ki, Panama bayrağı altında üzən tanker saxlanılarkən Ağ Evin mətbuat katibi Karolin Livitt gəminin heç bir ölkəyə məxsus olmadığını bildirmişdi. Ertəsi gün Panama Dəniz Administrasiyası Sophia tankerinin hələ 2025-ci ilin yanvarında milli gəmi reyestrindən çıxarıldığını açıqlayıb.

Məlumata görə, 2025-ci ilin dekabr ayından etibarən ABŞ hakimiyyəti Karib dənizi və Şimali Atlantikada ümumilikdə yeddi tanker saxlayıb.

Seçilən
38
3
teleqraf.com

4Mənbələr