AZ

"Həm "Nyukasl", həm də PSJ çox yüksək səviyyəli komandalardı" - Kevin Medina

"Qarabağ"ın futbolçusu Kevin Medina Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun və pley-offa adlamaqları barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi matçda uduzsa da, turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.

Medina görüşdən (0:6) sonra "İctimai" TV-yə açıqlamasında deyib:
"Həqiqətən də qeydə alınan nəticə çox üzücüdür. Əslində bura əlimizdən gələni etməyə, müsbət nəticə qazanmağa gəlmişdik. Təəssüf ki, artıq nəticə qeydə alınıb və ediləcək bir şey yoxdu. Ümumilikdə isə bu mərhələdə layiqli komandalarla qarşılaşdıq. Bütün komandalar pley-off üçün mübarizə aparırdılar. Şükürlər olsun ki, uğurlu oyunlarımız da oldu. Yetərli qədər xal topladıq, tarixi nəticə əldə etdik və pley-offa vəsiqə qazandıq".
O, pley-off mərhələsinin püşkatması haqda da danışıb. "Qarabağ"ın potensial rəqibləri PSJ və "Nyukasl"dı. Medina isə püşkatmanın nəticəsindən sonra daha dəqiq fikir bildirməyin mümkün olacağını söyləyib:
"Həm "Nyukasl", həm də PSJ çox yüksək səviyyəli komandalardı. Futbol tarixində özlərinə məxsus dəsti-xətləri var. Rəqibimiz bəlli olduqdan sonra fikir söyləmək olar".

Kolumbiyalı futbolçu Çempionlar Liqasının liqa mərhələsində keçirdikləri oyunların onun karyerası üçün əhəmiyyətindən də söz açıb:
"Dünyada elə futbolçu yoxdu ki, bu möhtəşəm turnirdə iştirakı arzulamasın. Bizim də arzumuz möhtəşəm "Qarabağ" ilə Çempionlar Liqasında iştirak etmək idi. Mən bütün oyunlarımızdan zövq aldım. Bütün matçları yüksək səviyyədə keçirməyə çalışdım. Belə də davam edəcəyik".
Seçilən
14
3
football-plus.az

4Mənbələr