Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı şəhərində kirayə bazarında vəziyyət getdikcə kritik hal alır və qiymətlər ilbəil yüksəlir. Ekspertlər bildirir ki, bu tendensiyanın əsas səbəblərindən biri tələbələrin hər il avqustdan başlayaraq şəhərə kütləvi axınıdır. Payız aylarından etibarən tələbələrin tələbi bazarda daha da artır və regionlardan gələn insanlar – həm tələbələr, həm də kənd təsərrüfatı ilə məşğul olan şəxslər – qış aylarında iş imkanlarının məhdud olması səbəbindən böyük şəhərlərə üz tutur, müvəqqəti qazanc məqsədilə kirayə mənzillərə tələbi yüksəldirlər.
İqtisadçılar həmçinin bildirirlər ki, bazara çıxarılan mənzil həcminin məhdudluğu və ucuz kateqoriyalı evlərin sökülməsi kirayə bazarında tarazlığın pozulmasına səbəb olur. 2001-ci ildən sonra Bakıda yeni tikinti üçün icazələrin xeyli məhdudlaşdırılması, şəhərdə əhalinin kəskin artması və sosial infrastrukturun bölgələrə nisbətən daha yaxşı inkişaf etməsi qiymətlərin dayanmadan qalxmasına gətirib çıxarır. Ekspertlər xəbərdarlıq edir ki, bu tendensiya yaxın perspektivdə də davam edə bilər və ailələrin büdcəsinə ciddi təzyiq yaratmağa davam edəcək.
“Kirayə haqqı artır – ekspert xəbərdarlıq edir”
Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə açıqlaması zamanı iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib ki, kirayə mənzil bazarında qiymətlərin sürətli artımını şərtləndirən bir sıra tələb və təklif faktorları mövcuddur: “Tələb istiqamətində əsas amillərdən biri odur ki, hər il ölkədə təxminən 60-70 min gənc ailə qurulur və onların böyük əksəriyyətinin mənzilə ehtiyacı var. Təxminən 80-90%-i yeni mənzilə ehtiyac duyur, lakin gənclərin maddi imkanları bugünkü qiymətlər çərçivəsində qısa müddətli dövrdə mənzil əldə etməyə kifayət etmir. Məsələn, əvvəllər 10 ildə əldə edilə biləcək mənzil, indi 15-20, bəzən 25 ilə alınır ki, bu da bazarda tələbin artmasına səbəb olur. Mövcud əhalinin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri tələbə adekvat deyil. Dövlət vəsaiti ilə verilən ipoteka kreditləri vasitəsilə satışa çıxarılan mənzillərin sayı artım göstərsə də, hələ də tələb tam ödənilmir. İllik satış 30-35 min mənzil civarında ikən, real tələbat 60-70 min, keyfiyyət faktorları nəzərə alınarsa 80-100 min mənzil olur. Bazarda xidmət xərclərinin artması da qiymətlərin yüksəlməsində rol oynayır. Məsələn, 2020-2025-ci illərdə mənzilin saxlanma xərcləri orta hesabla illik 5,3-5,5% artıb, mənzil qiymətləri isə 53,9% bahalaşıb. Kirayə haqları isə rəsmi statistikaya görə 41,6% yüksəlib, təkcə 2025-ci ildə 7,8% artım qeydə alınıb. Bu fərq gələcəkdə kirayə qiymətlərində yeni artım dalğasına səbəb ola bilər”.
Ekspert əlavə edib ki, təklifin tələbdən aşağı olması da qiymətlərin sürətli artımına təsir göstərir: “2024-cü ildə istifadəyə verilən mənzillərin sayı 20 min olub ki, bu da 30-35 min satış və 60-80 min tələbatla müqayisədə yetərli deyil. Bundan başqa, mənzillərin böyük hissəsinin Bakı və Abşeron yarımadasında cəmləşməsi, şəhərdə əhalinin kəskin artması və sosial infrastrukturun bölgələrə nisbətən daha yaxşı inkişaf etməsi kirayə haqlarını artırır. Kirayə xərclərinin artması ailə büdcəsinə ciddi təzyiq göstərir. İnsanlar gəlirlərinin böyük hissəsini kirayəyə yönəldir, nəticədə daha keyfiyyətsiz qidalanma, təhsil və səhiyyə xidmətlərindən istifadə edir və borclanma səviyyəsi yüksəlir. Bu, həm mənzil əldə etmə imkanlarını azaldır, həm də sosial-iqtisadi bərabərsizliyi dərinləşdirir”.
“Bakı kirayə bazarında tələbat partlayışı”
İqtisadçı ekspert Elnur Azadov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, son aylarda Bakı şəhərində kirayə bazarında vəziyyət daha da çətinləşib və qiymətlər ilbəil yüksəlməkdədir.
Ekspertin sözlərinə görə, hər il tələbələrin kütləvi axını avqust ayında başlayır və payızdan etibarən bazarda tələbat daha da artır. Eyni zamanda, regionlardan gələn insanlar – həm tələbələr, həm də kənd təsərrüfatı ilə məşğul olan şəxslər qış aylarında iş imkanlarının məhdud olması səbəbindən böyük şəhərlərə üz tutur və müvəqqəti qazanc məqsədilə kirayə mənzillərə tələbi artırırlar: “Qış aylarında kirayə məsələsi xüsusilə kritik vəziyyə yaradır. Təkliflərin bazarda az olması problemi ilbəil dərinləşir, daşınmaz əmlak qiymətləri isə davamlı bahalaşır. Şəhərdə ucuz kateqoriyalı evlərin kifayət qədər həcmi olsa da, onların sökülməsi kirayə bazarını daha da daraldır. 2001-ci ildən sonra Bakı şəhərində yeni tikinti üçün icazələrin sayı xeyli məhdudlaşdırılıb. Bu səbəbdən bazara çıxarılan mənzil həcmi artmaq əvəzinə azalır, tələbat isə yüksəlir. Nəticədə rəqabət zəifləyir və qiymətlər dayanmadan qalxır”.
Elnur Azadov əlavə edib ki, əhalinin və tələbə axınının çoxalması ilə birlikdə bazara çıxarılan daşınmaz əmlakın həcminin az olması kirayə bazarında tarazlığın pozulmasına səbəb olur və yaxın perspektivdə vəziyyətin kritik olaraq qalacağı ehtimal olunur.
Günel Elxan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.