Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən tanınmış hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.
Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011-2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.
Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.
Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur. Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür.
Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib. Qeyd olunub ki, "Hakimlərin statusuna dair" Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.
Qeyd edək ki, Azad Məcidov hakim kimi fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərinə baxıb. O, son olaraq Mərkəzi Gömrük Hospitalı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.