Yanvar ayının 28-də Sabirabad Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini,Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Rüstəmov Varis, Azərbaycan ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı bağlıdır. Natiq bildirib ki, Ulu Öndərin ağsaqqallara böyük etibarı və etimadı var idi. Hazırda bu diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Möhtəşəm Zəfərimizdən, torpaqlarımızın azad edilməsindən də söz açan Əhliman Əmiraslanov vurğulayıb ki, bu gün biz Azərbaycanın şərəfli dövrünü yaşayırıq, bütün dünyada başıuca, alnıaçıq gəzirik. Biz hər birimiz ərazi bütövlüyümüzün bərpa edilməsi, Azərbaycanın inkişafı ilə bağlı bu reallıqları dərk etməliyik və gənclərə də izah etməliyik ki, ölkəmiz hansı ağır, çətin günlərdən keçərək hazırkı tərəqqi dövrünə gəlib çatıb. Əhliman müəllim, həmçinin, cəmiyyətimizdəki problemlərdən –, boşanmaların sayının artmasından, erkən nikahlardan, o cümlədən yaxın qohumlar arasındakı nikahlardan və bunların fəsadlarından, habelə əsrimizin bəlası olan narkomaniyaya aludəçilikdən də ətraflı söz açaraq, ağsaqqalların bu nöqsanların, problemlərin aradan qaldırılmasında daha aktiv iştirak etmələrinin zəruriliyini vurğulayıb. Sonda natiq Sabirabad Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək əmin olduğunu bildirib ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar bundan sonra da öz fəallıqları ilə fərqlənəcəklər və dövlətimizə, dövlətçiliyimizin inkişafına xidmət edəcəklər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov öz çıxışındaAzərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər konfrans iştirakçılarını salamlayıb və bu tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. Sabirabad rayonu haqqında məlumat verən natiq vurğulayıb ki, dəfələrlə bu rayonda olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində rayondadavamlı abadlıq-quruculuq işləri, yeni layihələr həyata keçirilir, parklar, abad məhəllələr tikilib istifadəyə verilir. Siraqəddin Cabbarov həmçinin, ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı aktiv fəaliyyətindən, onların dəyərli məsləhətlərinə, nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Vurğulayıb ki, ağsaqqallar hamımızın ümid yeridir. Biz onların təcrübəsindən hər zaman bəhrələnəcəyik. Çıxışının sonunda o, konfransın işinə uğurlar arzulayıb.
Namiq QULİYEV





