Tramp Ərdoğanla “İran böhranı”nı müzakirə edib, Hakan Fidan Tehranda gərginliyin azaldılmasını gündəmə gətirib...
Hazırda ABŞ-nin İranla birbaşa və ciddi diplomatik təmasları mövcud deyil.
Poliqon xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb. Bildirilir ki, Vaşinqton və Tehran arasında əlaqələrin qurulması və mövqelərin yaxınlaşdırılması üçün bir sıra regional ölkələr paralel şəkildə danışıqlar aparır. Həmin vasitəçi ölkələr sırasında Səudiyyə Ərəbistanı, Türkiyə və Qətarın adı çəkilir.
Məlumata görə, Türkiyədən olan rəsmi şəxsin sözlərinə əsasən, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı İran ətrafında yaranmış böhranı müzakirə edib. Danışıqlarda regional gərginliyin artması fonunda mümkün ssenarilər və diplomatik kanalların açıq saxlanılması məsələlərinin gündəmə gəldiyi vurğulanır.
Bu gün isə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçı ilə görüşərək “regional gərginliyin azaldılması” mövzusunu müzakirə edib. Tərəflərin müzakirələrində bölgədə təhlükəsizlik balansının qorunması, qarşıdurma risklərinin minimuma endirilməsi və diplomatik həll yollarının önə çəkilməsi kimi məqamların yer aldığı bildirilir.
Eyni zamanda, Abbas Araqçının Qətər və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə də telefon danışığı apardığı qeyd olunur. Mənbələrin məlumatına görə, bu təmaslar region ölkələrinin mümkün hərbi eskalasiyanın qarşısını almaq məqsədilə diplomatik təşəbbüslərini artırdığını göstərir.
Axios-un yazdığına görə, həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) açıq şəkildə bəyan ediblər ki, ABŞ-nin İran əleyhinə zərbələr endirməsi üçün onların hava məkanından istifadə edilməsinə icazə verməyəcəklər. Bu mövqe regionda müharibə riskinin genişlənməsinə qarşı ciddi siqnal kimi qiymətləndirilir.
Araqçı, həmçinin etiraf edib ki, son günlər Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa əlaqə saxlamayıb. Bununla belə, tərəflər zaman-zaman Signal tətbiqi vasitəsilə mətn mesajları mübadiləsi aparırlar. Məlumata görə, məhz bu mesajlaşma Vaşinqton və Tehran arasında yeganə birbaşa kommunikasiya kanalı hesab olunur.
Qeyd edilir ki, ayın əvvəlində tərəflər arasında gedən mesajlaşmalar Trampın İranla bağlı qərarlarına da təsir edib. Belə ki, həmin yazışmalar qismən ABŞ Prezidentinin daha erkən mərhələdə zərbə endirmək qərarından imtina etməsinə səbəb olan amillərdən biri kimi göstərilir.
Poliqon.info