AZ

AZAL sərnişinə deyən ziyanı ödəmir – Vətəndaşın şikayətini dinləyən yoxdur

Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın sərnişinlərə baqajının zədələnməsi və kompensasiya məsələsinin həll olunmaması ilə bağlı narazılıqlar durmadan artır.

Bu dəfə redaksiyamıza müraciət edən vətəndaş Rzayeva Günay Hafiz qızı 04 yanvar 2026-cı il tarixində Doha–Bakı reysi ilə uçuş zamanı yaşadığı problemlə bağlı şikayətini ictimailəşdirib.

Şikayətçinin sözlərinə görə, Bakı hava limanına çatdıqdan sonra ona məxsus çamadan ciddi şəkildə zədələnmiş vəziyyətdə olub. Çamadanın aktlaşdırılması üçün aidiyyəti əməkdaşlara müraciət edilsə də, Ramiz Hacıyev və Aliyarova İra adlı əməkdaşlar tərəfindən heç bir köməklik göstərilməyib. Rzayeva Günay bildirir ki, Ramiz Hacıyev ona “Bu çamadanı aktlaşdırsam, pulunu maaşımdan kəsəcəklər” deyə cavab verib.

Daha sonra İnformasiya şöbəsinə müraciət edən sərnişin, oradan gömrük əməkdaşı Əlihüseyn Mikayılova yönləndirildiyini qeyd edir. Onun sözlərinə görə, çamadanı yenidən yoxlama zonasına aparmaq istəyərkən, Əlihüseyn Mikayılov ona kobud şəkildə “çamadanı qaldır” deyə müraciət edib. Şikayətçi bu rəftara etiraz etdikdə və şikayət edəcəyini bildirdikdə isə, “Get, nə bilirsən et” cavabını aldığını bildirir.

Rzayeva Günay qeyd edir ki, çamadanı bahalı olub və Çindən alınıb. O, baş verənlərlə bağlı dəfələrlə AZAL-a yazılı müraciət etsə də, qurumdan ona “Akt olmadan kömək edə bilmərik” cavabı verilib. Şikayətçinin iddiasına görə, AZAL əməkdaşları kompensasiya ödəməmək üçün məqsədli şəkildə akt tərtib etməkdən yayınıblar.

Sərnişin vurğulayır ki, əvvəlki uçuşlarında da baqajının zədələndiyi hallar olub, lakin indiyədək bu məsələləri gündəmə gətirməyib. Bu dəfə isə həm maddi zərərin ciddi olması, həm də hava limanında qarşılaşdığı kobud rəftar onu şikayətini ictimailəşdirməyə vadar edib.

Editor.az məsələ ilə bağlı qarşı tərəfin – AZAL-ın mövqeyini dərc etməyə çalışacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr