AZ

“QS Avropa” reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib

Bakı, 28 yanvar, AZƏRTAC

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında universitetlərin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

“QS Avropa” reytinqində ölkə üzrə ilk üçlükdə Azərbaycan Dövlət İqtisad Universiteti 271-ci, Bakı Dövlət Universiteti 278-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 349-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim-tələbə nisbəti” kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

Seçilən
47
11
azertag.az

10Mənbələr