AZ

Masallıda pul dəyişmə oyunu: Şöbə müdirinin otağından 880 manat necə oğurlanıb?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Masallı Poçt Filialının Müştəri Xidmətləri Şöbəsində qəribə oğurluq olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müştərilərdən biri pulu dəyişmək adı altında şöbə müdirinin otağından 880 manat oğurlayıb. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Masallı Rayon Məhkəməsində hakim Elşən Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, özünü dələduzluq cinayətinə görə təqsirli bilir. 

Müttəhimin sözlərinə görə, o, şöbə müdirinə xırda məbləğli əskinasları iri məbləğli əskinaslara dəyişəcəyi təqdirdə əlavə pul verəcəyini deyib. Bu baxımdan, şöbə müdiri onu otağa buraxıb. Otaqda isə elə vəziyyət yaradıb ki, şöbə müdiri pulu düzgün saymayıb. 

Şöbə müdiri məhkəmədə bildirib ki, pulu sayarkən telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışarkən təqsirləndirilən şəxs masanın üstündən pulları götürüb gedib. 

Məhkəmənin hökmü ilə müttəhimə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlandığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28  gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
qaynarinfo.az

2Mənbələr