AZ

Bakıda tramvay şəbəkəsi dəmir yolu və metrostansiyalar ilə inteqrasiya olunacaq

Bakı, 28 yanvar, AZƏRTAC

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub.

“Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər. Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.

Tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək. Tramvayın bir çox üstünlükləri var: o, yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla hərəkət etdiyinə görə tıxacda qalmır. Bu da avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir”, - deyə nazir müavini əlavə edib.

Rəhman Hümmətovun sözlərinə görə, tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür: “Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər üzrə metro və ya dəmiryolu stansiyaları mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat vasitələri ilə davam etdirə bilirlər”.

Seçilən
103
5
azertag.az

10Mənbələr