AZ

“Erkən evlilik konkret hüquqi məsuliyyət yaradacaq”

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qanun layihəsindəki yenilik uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmış uşağın reabilitasiyası ilə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hicra Hüseynova bildirib.

“Əsas məqsəd prosedurların daha təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsindən ibarətdir. Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində “erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Bu da vacib yenilikdir.

Uşaq və ailə münasibətlərinə gəldikdə isə yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur. Mövcud qanunda “Dövlət nəzarəti ümumi qeyd olunur”, lakin təqdim olunan qanun layihəsində praktiki icra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər, monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbit edilir. Beləliklə, yeni qanun layihəsində uşaq hüquqları deklarativ xarakter daşımır, eyni zamanda, uşaqların real müdafiəsini və icrasını təmin edir. Bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur, uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradır”, - komitə sədri bildirib.

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, qanun layihəsi təhlil edilərkən erkən evlilik, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ, fərdiliyinin qorunması hüququ, sosial müdafiəsi, uşaq alverinin, pornoqrafiyasının, istismarının qadağan edilməsi, əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquqları, uşağa qarşı zorakılıq anlayışı, uşaqların repatriasiyası, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminə və digər məsələlərə dair təkliflər verilib və həmin təkliflər layihə sənədində öz əksini tapıb.

“Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarını müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edim ki, Ombudsmanın illik məruzələrində  uşaqlarla əlaqədar məsələlərdə psixoloqun iştirakına dair qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Əks olunan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınmasına, onlara qarşı zorakılıqla mübarizənin təkmilləşdirilməsinə xidmət edəcək”, - Ombudsman bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
6
qafqazinfo.az

7Mənbələr