AZ

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərdəndir

BAKI, 28 yanvar. TELEQRAF

"Uşaq hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daima bu istiqamətdə kompleks islahatlar həyata keçirilir, qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsi, sosial layihələrin icrası, ümumilikdə uşaqların layiqli həyat səviyyəsinin təmini sahəsində mühüm nailiyyətlər əldə edilir".

Paytaxtda və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə təhsil, səhiyyə, sosial xidmət və digər sahələrdə obyektlərin inşası və bərpası, ölkədə aparılan genişmiqyaslı islahatlar uşaqların hüquqlarının müdafiəsi, habelə onlar üçün keyfiyyətli xidmətlərin, bərabər imkanlara əsaslanan mühitin, sağlam, təhlükəsiz şəraitin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, ictimai münasibətlərin inkişafı müvafiq sahədə qanunvericiliyintəkmilləşdirilməsinə ehtiyac yaradır. Bu baxımdan ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquqi islahatların məntiqi davamı olaraq yaranan yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi özündə uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları ehtiva edir.

Qanun layihəsində təsbit olunmuş müddəalar Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin Azərbaycan Respublikası Hökumətinin dövri məruzələri üzrə bu istiqamətdə verdiyi tövsiyələrin icrası baxımından da əhəmiyyətlidir.

Qeyd etmək istərdim ki, uşaq hüquqlarının müdafiəsi və təşviqi Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olaraq daima diqqətimizdə saxlanılır, bu sahədə çoxşaxəli fəaliyyət həyata keçirilir və daha da təkmilləşdirilir.

Məlumat üçün bildirmək istərdim ki, 2023-cü ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi nəticəsində Ombudsmanın mandatı genişləndirilmiş, digər dəyişikliklərlə yanaşı “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti də təsbit olunmuşdur.

Ombudsmanın qeyd olunan səlahiyyəti qüvvədə olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da təsbit edilmişdir.

Qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində uşaq hüquqları sahəsində Ombudsmana verilən səlahiyyətlər, təsisatda aparılan institusional islahatlar və bu sahədə həyata keçirilən fəaliyyət nəzərə alınaraq, keçən il Azərbaycan Ombudsman təsisatı assosiativ üzv olduğu Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. Qeyd olunan nailiyyət uşaq hüquqlarının müdafiəsi sahəsində təsisatın fəaliyyətinin və ölkə təcrübəsinin daha geniş şəkildə təbliğinə və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə zəmin yaradır.

Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən birini onun qanunvericiliyin təkmilləşdirilməsi prosesində aktiv iştirakı təşkil edir. Ombudsman Aparatı tərəfindən mütəmadi olaraq əhalinin müxtəlif kateqoriyalarının, o cümlədənuşaqların hüquqlarına dair qanunvericilik aktlarına təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunur.

Ötən dövrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinə və digər əlaqəli normativ hüquqi akt layihələrinə Ombudsman tərəfindən rəy və təkliflər hazırlanaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Həmin təkliflərdə müxtəlif kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra məsələlər əks olunmuş və təkliflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınmışdır.

Ombudsman tərəfindən qanun layihəsi təhlil edilərkən erkən evlilik, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ, fərdiliyinin qorunması hüququ, sosial müdafiəsi, uşaq alverinin, pornoqrafiyasının, istismarının qadağan edilməsi, əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquqları, uşağa qarşı zorakılıq anlayışı, uşaqların repatriasiyası, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminə və digər məsələlərə dair təkliflər verilmiş və həmin təkliflər layihə sənədində öz əksini tapmışdır.

Ombudsman tərəfindən verilən təkliflərdə eyni zamanda layihəninölkəmizin qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun Fakultativ Protokollarının müddəalarına uyğunluğu nəzərə alınmışdır.

Hazırkı layihə qüvvədə olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunundan fərqli olaraq, uşaq hüquqları sahəsində mövcud prinsipləri, uşaqların hüquq və azadlıqlarını, onların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını daha ətraflı və dəqiq əks etdirir. “Uşaq hüquqları haqqında” Konvensiyanın əsas prinsiplərindən olan uşaqların mənafelərinin üstünlüyünün təminatları layihə sənədində daha aydın və geniş şəkildə verilmişdir. Layihədə anlayışların verilməsi bu sahədə istifadə olunan terminlərə aydınlıq gətirilməsi baxımından əhəmiyyətlidir.

Bununla yanaşı, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir.

Digər mühüm dəyişiklik layihədə uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə verilməsindən ibarətdir. Həmin müddəalar bu sahədə mövcud olan beynəlxalq hüquq normalarında əks olunmuş prinsiplərin ehtiva olunması və uşaqların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir.

Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarını müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi normativ hüquqi aktlarında dəyişiklik edilməsi barəsində müvafiq qanun layihəsində uşaqlar barəsində icraat zamanı psixoloqun iştirakını tələb edən normaların əks edilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edim ki, Ombudsmanın illik məruzələrindəuşaqlarla əlaqədar məsələlərdə psixoloqun iştirakına dair qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Əks olunan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınmasına, onlara qarşı zorakılıqla mübarizənin təkmilləşdirilməsinə xidmət edəcəkdir.

İnanıram ki, bu qanun layihəsinin qəbul edilməsi uşaq hüquqlarının daha səmərəli təmin edilməsinə töhfə verəcəkdir və birgə səylərlə, əməkdaşlıqla uşaqların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə nail olacağıq.

Seçilən
48
teleqraf.com

1Mənbələr