AZ

Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir

 “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırda qüvvədə olan qanunla müqayisədə uşaq hüquqları sahəsində prinsipləri, hüquq və azadlıqları, dövlət təminatları və nəzarət mexanizmlərini daha ətraflı və dəqiq şəkildə təsbit edir. Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə qanuna münasibət bildirərkən deyib. 

Əliyevanın sözlərinə görə, layihədə “Uşaq hüquqları haqqında” Konvensiyanın əsas prinsiplərindən biri olan uşaqların üstün mənafelərinin təminatı əvvəlki qanunvericilikdən fərqli olaraq daha aydın və geniş formada əks olunub. O qeyd edib ki, anlayışların ayrıca verilməsi bu sahədə istifadə olunan terminlərə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ombudsman vurğulayıb ki, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin müəyyən edilməsi bu uşaqların risk altına düşməsinin qarşısının alınması, vaxtında aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir.

Layihədə diqqət çəkən digər mühüm dəyişiklik uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə tənzimlənməsidir. S.Əliyeva bildirib ki, bu müddəalar mövcud beynəlxalq hüquq normalarında təsbit edilmiş prinsipləri ehtiva edir və uşaq hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qanun layihəsində həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinq məsələləri, eləcə də müvafiq qurumların, o cümlədən Ombudsmanın vəzifə və səlahiyyətləri müəyyən edilir ki, bu da sənədin beynəlxalq standartlara uyğunluğunu gücləndirir.

Ombudsman əlavə edib ki, qanunun icrası ilə bağlı digər normativ hüquqi aktlara təklif edilən dəyişikliklər çərçivəsində uşaqlar barəsində icraat zamanı psixoloqun iştirakını nəzərdə tutan normaların daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ombudsmanın illik məruzələrində bu məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi dəfələrlə təklif olunub.

Gülnar Nazimqızı 

Seçilən
10
anews.az

1Mənbələr