AZ

ABŞ və Rusiyanın Cənubi Qafqaz SAVAŞI: Kim qalib gələcək?

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

“ABŞ-ın İranla gözlənilən müharibəsi Cənubi Qafqazda Rusiyanın aktivliyini maksimuma çatdıracaq”.

KONKRET.az xəbər verir ki, bu fikri siyasi şərhçi Samir Feyruzov öz “facebook” hesabında səsləndirib:

“Son beş ildə Cənubi Qafqazda və dünyada baş verən proseslər XX əsrin əvvəllərində yaşanan bir çox hadisələrin təkrarlandığını göstərir. Xüsusilə, 1918–1920-ci illərlə bugünkü geosiyasi davranışlar arasında ciddi paralellər var.

1918-ci ildə ABŞ Cənubi Qafqaz xalqlarının müstəqilliyini təşviq edirdi, amma real hərbi-siyasi təminat vermirdi. Bolşeviklər toparlanan kimi isə ABŞ Cənubi Qafqazı Rusiyanın “məsuliyyət zonası” elan edərək təhvil verdi, region Rusiyanın ixtiyarına buraxıldı.

Bu yanaşmanın kökündə müəyyən reallıqlar dayanır: Cənubi Qafqaz ABŞ üçün həyati əhəmiyyətli region deyil. Ukrayna ABŞ üçün, Tayvan isə Çin üçün həyati əhəmiyyətli zonalardır. Cənubi Qafqaz Rusiya üçün eyni dərəcədə həyati əhəmiyyət daşıyır və burada geri çəkilməyi öz təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir.

Heç şübhəsiz ki, ABŞ-ın İranla gözlənilən müharibəsi Cənubi Qafqazda Rusiyanın aktivliyini maksimuma çatdıracaq və hərbi-siyasi ritorika dolu çıxışlar daha çox üstünlük təşkil edəcək. “ABŞ gəlirsə, deməli, qalıcıdır” tezisi ənənəvi və primitiv illüziyadır. Təsadüfi deyil ki, ABŞ prezidenti bir neçə gün əvvəl Qafqazı açıq şəkildə “Putinin ərazisi” adlandırdı. Eyni yanaşma ötən əsrin əvvəlində də vardı – xalqlara müstəqillik vədləri verildi, amma təhlükə real həddə çatanda xalqlar tək qaldılar.

ABŞ regionda qalıcı olmağı hədəfləmir. ABŞ Rusiya ilə bütün cəbhələrdə və eyni anda döyüşmək istəmir. İranla münaqişə başa çatdıqdan sonra ABŞ yenidən materikə geri dönəcək, daxili nizamlanmaya səfərbər olacaq və Yaxın Şərqdə mövcudluğunu minimum risklə qorumağa çalışacaq. İranın zəifləməsi Rusiyanın strateji maraqları ilə tam ziddiyyət təşkil edir.

Eyni zamanda, İranda sistem dəyişikliyi və ya kəskin zəifləmə Cənubi Qafqaz ölkələrinin strateji maraqlarına da uyğun deyil. ABŞ-ın İranda “demokratiya” qurmaq iddiası Rusiya tərəfindən birbaşa öz qapısına dirənmiş təhlükə kimi qiymətləndiriləcək. Bölgə hər an poliqona çevrilə bilər. Ümumiyyətlə, ABŞ-ın bölgədəki “mövcudluğu” müvəqqəti imitasiyadır və yaxın zamanlarda bunun şahidi olacağıq. Düşünürəm ki, ABŞ və Rusiya arasında növbəti dəfə gurultusuz razılaşma ehtimalı yüksəkdir. Tarix göstərir ki, Cənubi Qafqaz daha çox anlaşmaların predmeti olub və bu ənənənin bu gün də dəyişəcəyi ehtimalı çox azdır”.

Natiq Səlim

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
konkret.az

2Mənbələr