AZ

Vaqif Səmədoğlunun həyat yoldaşı: Mən istəmədim övladımız olsun

Mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Publika.az onunla müsahibəni təqdim edir.

- Nüşabə xanım, Vaqif Səmədoğlu ilə ilk tanışlığınız necə oldu? Onu həmin dövrdə şair kimi tanıyırdınızmı, yoxsa bu tanışlıq sonradan yaradıcılığına marağınızı artırdı?

- Vaqif Səmədoğlunun əmisi oğlu ilə Şərqşünaslıq İnstitutunda birlikdə çalışırdıq. Mən həmin vaxt Əfqanıstanda tərcüməçi işləyirdim.

Aramızda çox yaxşı münasibət var idi. Allah ona qəni-qəni rəhmət eləsin. Bir gün dedi, səni əmim oğlu ilə tanış etmək istəyirəm. Açığı, kiminsə məni kiminləsə tanış etməsi xarakterimə yaddı, düşünürəm ki, insanlar özləri biri-biriylə tanış olmalıdırlar. Buna baxmayaraq, demək olar ki, hər gün mənə zəng edirdi, Vaqifə də zəng edib eyni sözləri deyirmiş. Qeyd edim ki, Vaqif mənim qardaşım, bəstəkar Mobil Babayevi tanıyırdı. Bacım isə "Dan Ulduzu" ansamblında skripka ifaçısı idi. Təəssüf ki, hər ikisini 2023-cü ildə itirdim...

- Vaqif müəllim sizdən xeyli böyük idi. Aranızdakı yaş fərqini açıqlamaq istərdinizmi?

- Aramızda kifayət qədər yaş fərqi vardı. Ancaq bu barədə danışmaq istəmirəm. Axı, hər şey nisbidir.

- Vaqif müəllimlə tanış olduqdan təxminən beş il sonra yollarınızı ayırmısınız, bir müddət ayrı qalmısınız, daha sonra yenidən birləşərək ailə qurmusunuz. Sizi yenidən bir araya gətirən nə oldu?

- Onda mən öz azadlığımı itirməkdən qorxdum və ayrılmaq qərarı verdim. Bilməzdim ki, ayrılıq mənə bu qədər təsir edəcək. Hər bir münasibətdə elə bir məqam yaranır, insan anlayır ki, ya bu münasibət inkişaf edəcək, ya da bir nöqtədə dayanacaq. Hər münasibətdə inkişaf olmalıdır, əks halda o münasibət bitir. Ayrı olduğumuz müddətdə də telefonla danışırdıq, zəngləşmələr olurdu. Nə gizlədim, mən də zəng edib "adboy" verirdim.

1994-cü ilin dekabr ayı idi. Bir gün bacım mənə zəng etdi və dedi ki, müğənni Xədicə Abbasova Türkiyədən ona zəng edib. Deyib ki, ötən gün yazıçı Anar Rzayev, Vaqif Səmədoğlu və başqa yazıçılar onların evində qonaq olublar. Söhbət əsnasında Vaqifdən soruşublar ki, niyə evlənmirsən? O da cavab verib ki, sevgilim məndən ayrılıb, danışmırıq. Xədicə soruşub ki, kimdir o? Cavab verib ki, sən onun özünü də, bacı-qardaşını da tanıyırsan. Adımın Nüşabə olduğunu deyib.

Seçilən
99
publika.az

1Mənbələr