Niderland gömrüyü Ekvadordan göndərilən yük konteynerlərində gizlədilmiş 4,8 tondan çox kokain müsadirə edib. Bu barədə Niderland Prokurorluğu məlumat yayıb.
Hafta.az xəbər verir ki, narkotik maddələr iki yük konteynerinin müntəzəm yoxlanışı zamanı aşkar edilib. Gömrük əməkdaşları skan prosesi zamanı elektromaqnit qurğularının qeyri-adi konstruksiyasını müşahidə ediblər və daha ətraflı yoxlama aparıblar. Nəticədə üç elektromaqnit qurğusunda ümumi çəkisi 4,8 tondan artıq olan təxminən 4800 paket kokain tapılıb.
Yüklərin alıcısı Şimali Brabant əyalətinin Moerdijk bələdiyyəsində qeydiyyatdan keçmiş şirkət kimi göstərilib.
İstintaq çərçivəsində üç nəfər saxlanılıb. Onlardan 52 yaşlı Niderland vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib, digər iki şübhəli isə sübutların yetərli olmaması səbəbindən sərbəst buraxılıb.
Prokurorluq araşdırmanın davam etdiyini bildirib. Müsadirə edilmiş narkotik maddələr məhv edilib. Qeyd olunub ki, bu yük ölkə daxilində satış üçün nəzərdə tutulub və Niderland tarixində aşkar edilən ən iri kokain partiyalarından biri hesab olunur.