ABŞ prezidenti bildirib ki, əl-Malikinin yenidən hakimiyyətə qayıdışı İraqı xaos və yoxsulluğa sürükləyə bilər...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində etdiyi paylaşımda Nuri əl-Malikinin yenidən İraqın baş naziri seçiləcəyi təqdirdə Vaşinqtonun Bağdada hər cür yardımı dayandıracağını bəyan edib. Tramp yazıb ki, əl-Malikinin əvvəlki hakimiyyəti dövründə İraq dərin yoxsulluq və tam xaos vəziyyətinə düşüb və bu ssenarinin yenidən təkrarlanmasına yol vermək olmaz. ABŞ prezidenti qeyd edib ki, əl-Malikinin “ağılsız siyasəti və ideologiyaları” fonunda onun seçilməsi halında ABŞ artıq İraqa dəstək göstərməyəcək və Vaşinqtonun köməyi olmadan ölkənin uğur, rifah və azadlıq şansı qalmayacaq. Tramp paylaşımını “İraqı yenidən möhtəşəm edin” ifadəsi ilə yekunlaşdırıb.
Məlumata görə, İraq parlamenti ölkə prezidentinin seçkisini rəqib kürd qüvvələrinə namizəd üzərində razılığa gəlmək üçün vaxt tanımaq məqsədilə təxirə salıb. İraqdakı mövcud siyasi ənənəyə əsasən, baş nazir postunu şiə müsəlman, parlament sədri vəzifəsini sünni, əsasən simvolik xarakter daşıyan prezident postunu isə kürd siyasətçi tutur. İki əsas kürd partiyası arasında formalaşmış yazılmamış razılaşmaya görə, İraq prezidenti adətən Kürdüstan Vətənpərvərlər İttifaqının nümayəndəsi olur, Kürdüstan Demokrat Partiyasının üzvləri isə muxtar kürd regionunda prezident və regional baş nazir postlarını bölüşdürürlər.
Lakin bu dəfə Kürdüstan Demokrat Partiyası İraq prezidentliyinə öz namizədini , ölkənin xarici işlər naziri Fuad Hüseyni irəli sürüb. Prezident seçildikdən sonra onun 15 gün ərzində baş naziri təyin etmək səlahiyyəti olacaq və siyasi dairələrdə bu posta yenidən Nuri əl-Malikinin gətiriləcəyi gözlənilir. Şənbə günü şiə partiyalarının birləşdiyi Koordinasiya Şurası da əl-Malikinin namizədliyini təsdiqləyib.
Onun irəli sürülməsi Vaşinqtonda ciddi narahatlıq yaradıb. Hazırda 75 yaşı olan təcrübəli siyasətçi 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra bu postu iki müddət ardıcıl tutmuş yeganə baş nazir olub (2006–2014). İrana yaxın fiqur kimi tanınan Nuri əl-Maliki 2014-cü ildə ABŞ-nin güclü təzyiqi fonunda hakimiyyətdən getmişdi.
Poliqon.info