AZ

Çörəyin qiyməti arta bilər – Tarix açıqlandı

Çörək bahalaşa bilər – BU TARİXDƏN

Beynəlxalq Taxıl Şurasının (IGC) orta müddətli təklif və tələbat proqnozuna əsasən, növbəti 5 il ərzində qlobal taxıl balansı azalacaq.

Qlobal taxıl daşıma ehtiyatları 2024/25-ci illərdə 589 milyon ton olduğu halda, 2025/26-cı illərdə 610 milyon tona yüksələcək. Lakin sonradan 2030/31-ci ilə qədər qlobal taxıl ehtiyatlarının 588 milyon tona düşəcəyi gözlənilir ki, bu da təxminən 20 ilin ən aşağı səviyyəsidir.

“Üç illik azalmadan sonra qlobal taxıl ehtiyatlarının 2025/26-cı illərdə 5% artacağı və üç illik pik həddə çatacağı gözlənilir ki, bu da əsasən ixracatçılar tərəfindən ehtiyat yığılması ilə əlaqədardır”, – deyə analitiklər qeyd ediblər.

Busaat.az Sfera.az-a istinadən bildirir ki, Şuranın proqnozları 2030/31-ci ilə qədər beş il ərzində qlobal təklif və tələbatın yenidən daralacağına işarə edir.

Ekspertlər bildirirlər ki, bu sahənin tədricən genişlənməsinə və orta məhsuldarlığın gözlənilən yaxşılaşmasına baxmayaraq, istehsal artan istehlakla ayaqlaşmaq üçün kifayət qədər sürətli olmaya bilər. Nəticədə dünyada taxıl qıtlığının yaranması ehtimalı var.

Bəs bunun dünya və Azərbaycan bazarına təsiri necə olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Beynəlxalq Taxıl Şurasının orta müddətli proqnozuna görə, dünyada taxıl balansı növbəti illərdə daralmağa doğru gedir:

“Qlobal taxıl ehtiyatları 2025-26-cı il mövsümündə bir qədər arta bilər, amma 2030-31-ci ilə qədər taxıl istehsalı yenidən düşərək son 20 ilin ən aşağı səviyyəsinə yaxınlaşacağı gözlənilir. İstehsal artımı ilə tələbatın artımı arasında balans zəifləyə bilər və buna görə də uzun müddətli dövrdə taxıl çatışmazlığı riski mövcuddur. Bu vəziyyətin dünya bazarına təsiri bir neçə istiqamətdə ola bilər.

Əvvəla, taxıl ehtiyatları daralsa və istehsalın tələbatı ödəməkdə çətinlik çəkərsə, buğda, qarğıdalı və digər taxıl növlərinin qiymətləri uzun dönəmdə artma riskini daşıyır. Əgər ixracatçılar ehtiyat yığarsa və daha az taxıl bazara çıxarsa, qlobal qiymətlərə bahalaşma təzyiqi yarana bilər.

Digər tərəfdən taxıl idxal edən ölkələr üçün qida təhlükəsizliyi baxımından risk arta bilər. Əgər qiymətlər qalxarsa, ərzağın əlçatanlığı və maliyyələşmədi pisləşə bilər.

Azərbaycanın yerli bazarı əsasən dünya bazarından təsirlənir, çünki idxaldan asılıdır.

Qiymətlərdə artım idxal xərclərini yüksəldə bilər və bu çörək, yem və digər taxıl əsaslı məhsulların qiymətinin bahalaşmasına təsir göstərə bilər. Eyni zamanda ölkələr öz strateji ehtiyatlarını gücləndirməyə çalışa bilərlər ki, bu da yerli istehsal və ixrac siyasətini gündəmə gətirir”.

Müsahibimiz hesab edir ki, qlobal taxıl ticarətinin həcmi dəyişə və bəzi əsas idxalçılar daha az almağa meylli ola bilər:

“Bu da bazar dinamizmini dəyişə bilər. Qısa müddətdə məhsuldarlıq yaxşı olarsa, qiymətlər sabit qala və təklif təmin oluna bilər, amma uzun müddətli proqnozlar artan tələbatla istehsalın ayaqlaşmaya biləcəyini göstərir. Bunun üçün fermerlər məhsuldarlığı artırmağa, ölkələr isə strateji ehtiyatlar və ixrac siyasəti üzərində işləməyə meyllənə bilər”.

Seçilən
33
3
busaat.az

10Mənbələr