AZ

Qar: gətirdiyi sevinc və yaratdığı fəsadlar

Bakıya yağan qar şəhərin həyat ritmini dəyişir. Adətən mülayim iqlimi ilə tanınan paytaxtımız üçün qar həm xoş hadisə, həm də müəyyən çətinliklərlə yadda qalır. Bir tərəfdən ağ mənzərələr, qartopu oynayan uşaqların sevinci, digər tərəfdən hərəkətin iflic olması, işə gecikmələr, yıxılıb zədə almalar. Odur ki, qar yağmasını Bakıda təkcə təbiət hadisəsi deyil, həm də sosial imtahan kimi qəbul etmək olar.

Şəhərin infrastrukturu qar yağmağına tam uyğunlaşmadığı üçün ilk problemlər yollardan başlayır. Buz bağlayan və vaxtında təmizlənməyən küçələr səbəbindən tıxaclar yaranır. Avtomobillərin qış təkərlərinin, zəncirlərinin olmaması, bəzən də sürücülərin naşılığı ucbatından qəzalar qaçılmaz olur, ictimai nəqliyyatın qrafiki pozulur. Xüsusilə enişli-yoxuşlu ərazilərdə yaşayan sakinlər üçün vəziyyət daha da çətinləşir. Bəzi küçələrdə piyadaların hərəkəti belə təhlükəli olur, yaşlılar və uşaqlar üçün risk artır.

Qar həm də idarə və müəssisələrin fəaliyyətinə təsir göstərir. Bir çoxu işə gecikir və ya ümumiyyətlə, işə gələ bilmir. Məktəblərdə davamiyyət azalır,  valideynlər övladlarını evdən çıxarmağa tərəddüd edirlər. Bu vəziyyət bir daha göstərir ki, qar Bakıda "fövqəladə vəziyyət" yaradır, halbuki şəhərin müvafiq qurumları belə hadisələrə hazır olmalıdırlar.

Bununla yanaşı, qarın Bakıya gətirdiyi sevinc hissini də danmaq olmaz. Qar yağanda şəhər sanki tələsikliyini unudur, insanlar təmiz havadan ciyərdolusu udmaq üçün parklara, xiyabanlara çıxırlar. Uşaqlar üçün isə qar əsl bayramdır: qartopu oynamaq, qar adamı düzəltmək, xizək, əllərinə keçən taxta parçaları, sellofan torbalarla sürüşmək onların sevincini ikiqat artırır.

Parklar və bulvar qar altında fərqli bir gözəllik qazanır. Adətən küləkli və boz Bakı bu vaxt sakit və romantik təsir bağışlayır. Cütlüklər gəzintiyə çıxır, foto üçün nadir kadrlar yaranır. Qar şəhərə bir növ təmizlik gətirir, insanları gündəlik stresdən uzaqlaşdırır. Qar həm də insanları bir-birinə yaxınlaşdırır. Kimi buz bağlamış yolları təmizləyir, kimi qarda yeriməyə çətinlik çəkən yaşlılara əl uzadır, kimi də yolda qalmış avtomobil sürücülərinə yardım edir. Sosial mediada tənqidlərlə yanaşı, yumor da artır. Zarafatlar, ironik paylaşımlar Bakının qarla münasibətini daha da maraqlı edir. Bu, cəmiyyətin çətinliyə yumorla reaksiyavermə bacarığını göstərir.

Bir sözlə, Bakıya yağan qar özü ilə həm problem, həm də sevinc gətirir. O, kommunal qurumların zəif tərəflərini üzə çıxarmaqla bərabər, insanları uşaq kimi sevindirir. Qar əridikdən sonra küçələrdə müəyyən çətinliklər yaransa da, bu ağ günlərin xatirəsi bir müddət yaddaşlarda qalır. Bu dəfə paytaxta yağan qarın az olması sakinləri problemlərdən xilas etdi. Amma hava məlumatına görə, fevral ayında qar çox yağacaq. Odur ki, qarın yaratdığı sevincə, təmizliyə, necə deyərlər, soğan doğranmaması üçün ona indidən hazırlaşmalıyıq.

Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr