BAKI, 28 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesuelada çox güclü mövqelərə malik olduğunu və bu ölkənin neftinin satışından böyük gəlir əldə etməyi planlaşdırdıqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərə Ayova ştatına işgüzar səfəri zamanı açıqlama verib. Onun sözlərinə görə, ABŞ hazırda Venesuelada ciddi təsir imkanlarına sahibdir və qarşıdakı dövrdə bu imkanlar iqtisadi qazanc gətirəcək.
Tramp bildirib ki, Vaşinqton Venesuela ilə yaxşı əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində həm Venesuela üçün, həm də ABŞ üçün böyük maliyyə gəlirləri əldə olunacaq. O əlavə edib ki, ABŞ Venesuelanın hazırkı rəhbərliyi ilə münasibətləri müsbət qiymətləndirir və onları dəstəkləmək niyyətindədir.
ABŞ prezidentinin sözlərinə görə, görülən addımlar Venesuelada vəziyyətin əvvəlkindən daha yaxşı olmasına gətirib çıxaracaq və iki ölkə arasında iqtisadi əlaqələr yeni mərhələyə keçəcək.