“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyinin müxtəlif istiqamətləri üzrə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir:
Büdcə Məlumat İdarəetmə – dövlət və icmal büdcə layihələrinin hazırlanması üçün zəruri məlumatların toplanmasını, habelə büdcə göstəricilərinin aidiyyəti qurumlara təqdim edilməsini təmin edir;
Dövlət Maliyyə Nəzarəti – dövlət büdcəsi və digər dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti həyata keçirir;
Dövlət proqramları və investisiya xərclərinin maliyyələşdirilməsi – dövlət investisiya layihələrinin maliyyə qiymətləndirilməsini, maliyyə təminatının müəyyən edilməsini, icranın real vaxt rejimində izlənilməsini, eləcə də proqnozlaşdırma və monitorinqini təmin edir;
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi – dövlət borcu və zəmanəti üzrə öhdəliklərə dair məlumatların toplanmasını, idarə olunmasını və real vaxt rejimində monitorinqini, həmçinin müvafiq hesablar üzrə məlumatların əldə edilməsini həyata keçirir;
Dövlət müəssisələrinin rəqəmsal monitorinqi – dövlətə məxsus hüquqi şəxslərin büdcə və maliyyə göstəricilərinin, gəlir və xərclərin icrasının monitorinqini və təhlilini aparır;
e-azadolma – vergi və gömrük güzəştləri və azadolmaları üzrə reyestrin aparılmasını, eləcə də onların dövlət büdcəsinə təsirinin və səmərəliliyinin qiymətləndirilməsini təmin edir;
e-müqavilə – mal, iş və xidmətlərin satın alınması üzrə elektron müqavilələrin bağlanmasını və aidiyyəti üzrə göndərilməsini həyata keçirir;
e-mühasibat – mühasibat uçotunun elektron qaydada aparılmasını, maliyyə hesabatlarının tərtib və təqdim edilməsini, habelə mühasibat uçotu üzrə normativ və metodiki məlumatlara çıxışı təmin edir;
e-rüsum – dövlət rüsumu üzrə daxilolmaların elektron təqdimatını, uçotunu və monitorinqini həyata keçirir;
e-mədaxil – dövlət büdcəsi gəlirlərinin dəqiq və operativ proqnozlaşdırılmasını, həmçinin gəlir axınları üzrə analitik təhlili təmin edir;
Elektron ciddi hesabat blankları – təşkilatların və fərdi sahibkarların ciddi hesabat blanklarının elektron qaydada tərtibini, təqdimini və uçotunu aparır;
Xəzinədarlığın Rəqəmsal İdarəetməsi – dövlət büdcəsinin kassa icrasını, maliyyə əməliyyatlarının uçotunu, kreditor borclarının ödənilməsini və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edir;
İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi – tətbiq edilmiş inzibati cərimələrə dair məlumatların təhlilini və onların düzgünlüyünə nəzarəti həyata keçirir.