Bakıda Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Paraxat Cumayevin başçılıq etdiyi nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salaxovla işgüzar görüş keçirib.
Publika.az Türkmənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yük axınlarının artırılması perspektivlərini müzakirə ediblər.
Görüş zamanı Türkmənistan və Azərbaycanın strateji tərəfdaşlığı ardıcıl şəkildə gücləndirdiyi, Türkmənbaşı və Bakı (Ələt) limanları arasında logistikanın inkişafına xüsusi diqqət yetirdiyi vurğulanıb. Xüsusilə, qarşılıqlı əmtəə dövriyyəsinin artması şəraitində Xəzər dənizi vasitəsilə yük axınının artırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və Orta Dəhlizin inkişafı üzrə tədbirlər müzakirə olunub.
Həmçinin tərəflər son illər ərzində sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişin əldə olunduğunu, dəniz və dəmir yolu xidmətləri üzrə tariflərin azaldılmasının multimodal daşımaların artmasına və tranzit konteyner aşırımının çoxalmasına səbəb olduğunu qeyd ediblər.