Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Ekologiya.az xəbər verir ki, Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycanda mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.
Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.
Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.