AZ

"Bakı İsrail-İran gərginliyində balansı qoruyur" - POLİTOLOQ DANIŞDI

"İsrail-İran gərginliyi fonunda hər iki ölkənin rəsmi təmsilçilərinin ölkəmizə səfəri müzakirə olunan mövzular sırasındadır. Maraqlıdır ki, öncə 23 yanvar tarixində İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdü". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Yanvarın 26-da isə İsrailin xarici işlər naziri Gideon Saar Bakıya gəldi. Nazir səfər çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Mövcud proseslər fonunda hər iki səfər diqqət çəkir, lakin təəccüblü deyil. Məsələ ondadır ki, İran və İsrail arasında gərginlik artdığı zamanlarda hər iki ölkədən yüksək səviyyəli rəsmilər ardıcıl şəkildə Azərbaycana səfər edirlər. Məlum olduğu kimi, hazırda İran ətrafında xüsusi bir gərginlik var. ABŞ hərbi qüvvələrini Yaxın Şərqdə cəmləşdirib və kontingentin sayını artırır.

Əvvəllər də qeyd etdiyim kimi, Vaşinqtonun İrana birbaşa müdaxilə etmək və ya Tehranla total müharibəyə girmək istədiyini düşünmürəm. Bu, həm çox xərc, həm də zaman aparan müharibə ilə nəticələnər. Ən pis halda isə ABŞ ikinci bir Əfqanıstan ssenarisi ilə üzləşə bilər. İsrail isə açıq şəkildə İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini istəyir. Təl-Əviv İrandakı hazırkı hakimiyyəti devrilmədən və ən əsası, bu ölkəni parçalanmadan geri addım atmaq niyyətində deyil. İran isə ehtimal olunan müdaxiləyə hazırlaşır. Burada söhbət təkcə daxili hazırlıqdan deyil, həm də qonşu ölkələrin mövqeyindən gedir. Azərbaycan yerləşdiyi geostrateji mövqeyinə görə hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Lakin İsrail və İranın Bakıya baxışı və gözləntiləri kəskin şəkildə fərqlənir. Gideon Saar mətbuat konfransında deyib ki, Tehranın kütləvi qırğın silahı əldə etməsinə heç vaxt imkan vermək olmaz. Təl-Əviv əsas narahatlığının İranın nüvə silahı əldə etməsi olduğunu ifadə edərək bu ölkəyə müdaxilənin vacibliyini vurğulayır. Eyni zamanda İranda baş verən hadisələri, xüsusilə mülki şəxslərə qarşı yol verilən sərt davranışları qəbuledilməz sayır. XİN başçısının səfəri çərçivəsində Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumunun imzalanması, iki ölkə arasında iqtisadi əlaqələrin həcminin 360 milyon dolları ötdüyünün vurğulanması və digər detallar səfərin mahiyyət etibarilə ikitərəfli münasibətlərə töhfə xarakteri daşıdığı mesajını verməyə hesablanmışdı.

Vahid Cəlalzadənin səfərinə baxdıqda isə daha fərqli detallar ortaya çıxır. Məsələn, o, Ceyhun Bayramovla görüş zamanı İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. Bu, mühüm detal idi. Çünki Tehran hər nə qədər məsələni daxili işi kimi təqdim etsə də, Bakının qonşusunda baş verən hadisələrdən narahat olduğunu yaxşı bilir. Elə buna görə də mövcud durumla bağlı məlumat verməyə ehtiyac duyur. Ceyhun Bayramovun isə öz növbəsində İranda sabitliyin önəmli olduğunu vurğulaması Bakının proseslərə yanaşmasının aydın ifadəsidir. Bəli, Azərbaycan eyni zamanda soydaşların vəziyyətindən narahatdır, lakin Tehranın daxili işlərinə qarışmır və İranda sabitliyin qorunmasında maraqlıdır. Lakin Vahid Cəlalzadənin Bakıda, Azərbaycan xarici işlər naziri ilə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” mesajı yersiz idi. Xüsusilə bu mesajın Bakıda verilməsi Tehranın ənənəvi hədə-qorxu ritorikasının davamı kimi qiymətləndirilə bilər.

Hər iki səfəri və Bakının verdiyi mesajları təhlil etdikdə ortaya çıxan nəticə əslində aydındır. Azərbaycan nə İranda gərginliyin artmasını, nə də İrana hərbi müdaxiləni istəyir. Bakı hər iki ssenarinin yaradacağı ortaq təhdidləri çox yaxşı anlayır. Şübhəsiz ki, ölkəmizi ən çox narahat edən məsələlərdən biri qaçqın axını və bunun yaradacağı iqtisadi və demoqrafik problemlərdir. Bu mənada heç bir vəd və sözlər Bakını öz siyasətindən çəkindirmir. Azərbaycan İsrail və İran arasında balansı qorumaqda qərarlıdır. Bu, həm ölkəmizin milli təhlükəsizliyi, həm regional sülh, həm də gələcək perspektiv planların davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
15
6
sia.az

7Mənbələr