AZ

Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib

Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir. Budəfəki təlim Kapital Bank və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən “AZİ Akademiya”nın təşkilatçılığı ilə elmi-pedaqoji heyət üçün keçirilib.

Təlimi ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin əməkdaşı Günel Tağıyeva açıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik mövzusunun aktuallığını vurğulayaraq qeyd edib ki, ali məktəbdə minlərlə tələbə təhsil alır. Onlar arasında xarici vətəndaşlar da az deyil. Xüsusən xarici tələbələrin həm bank xidmətləri, həm də kibertəhlükəsizliklə bağlı tez-tez sualları yaranır. Akademik heyətin bu mövzuda maarifləndirilməsi tələbələrlə işin də daha effektiv qurulmasına dəstək olacaq.

Görüşdə Kapital Bank-ın İctimaiyyətlə əlaqələr prosesinin sahibi Arzu Əliyeva çıxış edərək bildirib ki, bu təlimin əsas məqsədi iştirakçıları kiberdələduzluq riskləri və dələduzlardan qorunma üsulları haqqında məlumatlandırmaqdır.

Təlimdə Kapital Bank-ın Təhlükəsizlik departamentinin Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov təqdimatla çıxış edib. O, son dövrlərdə artan kiberdələduzluq halları, geniş yayılan fırıldaqçılıq üsulları, gündəlik rəqəmsal əməliyyatlar zamanı diqqət edilməli olan vacib məqamlar və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçıları məlumatlandırıb.

İnteraktiv sual-cavab sessiyasında isə bank nümayəndələri iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.

Seçilən
73
20
publika.az

10Mənbələr