Ajans.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrin arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, iki ölkənin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında, habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir. Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələr arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb. Spiker Sahibə Qafarova ötən il özünün Birləşmiş Ərəb Əmirliklərinə, Saqr Qobaşın isə Azərbaycana rəsmi səfərlərini xatırlayaraq, bu səfər və görüşlərin, həmçinin, parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib. O cümlədən, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.