AZ

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sessiyanın açılış mərasimində çıxış edən Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.

Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib. O, eyni zamanda, hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında əlaqələrin də inkişafında maraqlı olduğumuzu qeyd edib.

Çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərini bölüşən Sahibə Qafarova deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi haqlı olaraq Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi müəyyən edilib. Bu məqsədlər yalnız arzuolunan deyil, həm də daha ədalətli dünyanın qurulması və gələcək nəsillər üçün daha yaxşı gələcəyin təmin olunması baxımından zəruridir.

Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verən parlamentin sədri deyib ki, güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin, - cəmiyyətin ən kiçik vahidinin, - formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Qadınlar cəmiyyətdə həmişə bərabər tərəfdaş kimi qəbul edilib və onun inkişafına həlledici təsir göstərib. Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedici hakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatik fəaliyyətdə yüksək vəzifələr tuturlar. O, 2026–2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.

Azərbaycan parlamentinin bu prosesdə cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının hazırlanması və daim təkmilləşdirilməsində fəal rol oynadığını bildirən Sahibə Qafarova deyib ki, Milli Məclis gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir və müxtəlif beynəlxalq platformaların işində fəal iştirak edir. O, bu forum çərçivəsində aparılan müzakirələrin real nəticələr verəcəyinə və qadınların səlahiyyətləndirilməsi kimi ümumi məqsədin, - regionumuzda sosial həmrəyliyin, dayanıqlığın və davamlı inkişafın möhkəmləndirilməsinin əsas şərti olan bu məqsədin, - irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Seçilən
41
4
azerbaijan-news.az

10Mənbələr