İlham Əhmədov: “...Qaranlıq məqamlar çoxdur”
Elçin Əfəndi: “...Növbəlilik prinsipi tətbiq olunur”
Məktəb direktorlarının işə qəbulu prosesi müsahibə yolu ilə həyata keçirilir. Yeni qaydalara görə, namizədlər artıq test imtahanında iştirak etmirlər, müsahibə yolu ilə seçilirlər.
2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri əsasında 131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin 17-18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.
Həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və onlardan 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.
Həmin mərhələdə iştirak edən 389 nəfər
Niyə müsahibənin nəticələrinin elan olunması belə uzun çəkdi? Hardasa 6-7 aydan sonra elan olundu. İyun ayında müsahibə baş tutub, amma proses indiyə qədər uzanıb, 131 nəfər müsahibədən keçib. Müsahibə mərhələsi nə dərəcədə şəffaf olub? Müsahibənin nəticələrinin araşdırılması hansı mexanizmlərə aparılıb?
Təhsil eksperti İlham Əhmədov baki-xeber.com-a bildirdi ki, bu çox pis haldır. “Müsahibəni iyul ayında ona görə edirlər ki, sentyabr ayından yeni məktəb direktorları fəaliyyətə başlasınlar. Dərs ilinin yarısı gedib yayda müsahibədən keçənlər indi işə başlayırlar. Bu çox pis haldır. Təbii ki, bu işin səmərəsizliyini göstərir. Bu, nazirliyin işində növbəti bir qüsurdur. Yay vaxtı müsahibə keçirilməlidir, sentyabrda direktor iş başında olmalıdır. Əgər edə bilmirlərsə bunu hansı səbəblərdən edə bilmirlər? 400-ə yaxın namizəd arasından 131 nəfər direktor vəzifəsinə seçilməlidir. Bəs bunlar yayda 60 min nəfər müəllimdən imtahan götürüb onları məktəblərə necə yerləşdiriblər? Yaxud 20 min müəllimi sertifikasiyadan keçirib tələm-tələsik onların nəticələrini elan edib müəllimləri işdən çıxarırlar? Burada qaranlıq məqamlar çoxdur”-deyə İ.Əhmədov qeyd etdi.
Təhsil eksperti Elçin Əfəndi baki-xeber.com-a isə bildirdi ki, direktorların işə qəbul imtahanında imtahan verdikdən sonra namizədlərin ümumi müsahibə mərhələsinə cəlb olunması və mərhələli şəkildə bu müsahibə prosesinin aparılması həyata keçirilir. “Təkcə direktorların işə qəbulu məsələsi deyil, eyni zamanda burada sertifikasiya, müəllimlərin işə qəbulu, onların yerlışdirilməsi və sair mərhələli şəkildə reallaşdırıldığı üçün növbəlilik prinsipi tətbiq olunur. Ona görə də məhz proses bura qədər gəlib çıxıb. Təbii ki, bu amili nəzərə alaraq artıq direktorların işə qəbulu imtahanında fərqli meyarlardan, fərqli üsullardan istifadə olunmağa başlanılıb. Yəqin ki, bu daha çevik, daha erkən qərarların qəbul olunmasına gətirib çıxaracaq”.
Müsahibə mərhələsində şəffaflığına gəlincə, E.Əfəndinin fikrincə, Elm və Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsinin şəffaf keçirilməsinə diqqət ayrılır: “Nazirlik tərəfindən buna diqqət ayrılır ki, maksimum uğurlu olan namizədlər prosesdə iştirak etsinlər. İndi ola bilər ki, qiymətləndirmə zamanı istisna hallarda nələrsə yaşana bilər. “Yaşa bilər” dediyim məqam odur ki, nə isə gözdən qaçar, nə isə diqqətdən yayınar. Amma ümumilikdə proses obyektiv keçirilir”-deyə E.Əfəndi qeyd etdi.
İradə SARIYEVA