Azərbaycan Dövlət Neft Fondu (ARDNF) maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsirini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fondun yaydığı açıqlamada bildirilir ki, 2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.
ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə vermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olmuşdur.
ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirmişdir.
Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə etmişdir.
Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır.