futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.
“Zirə” Futbol Akademiyasının rəhbəri Zaur Həşimovun “Futbolpress.az“a müsahibəsi:
– Akademiyada işlər necədir?
– Hər şey qaydasındadır. Məşqlər plan üzrə keçirilir, işlərimizi görürük.
– 2020-ci ildən “Zirə”də akademiyaya rəhbərlik edirsiniz. Geridə qalan müddətdə hansı dəyişikliklərə nail olmuşunuz?
– Düzdür, daha geniş imkanlarla işləmək istərdik. İnfrastruktur baxımından əziyyət çəkdiyimiz məqamlar var. Bəzi yaş qruplarımız eyni anda eyni meydançada məşq etmək məcburiyyətində qalırlar. Bu kimi məsələlərdə sıxıntılar yaşayırıq. Amma əvvəlki illərə baxanda akademiyamızda böyük irəliləyiş var. Komandalarımızın nəticələri yaxşılaşıb, inkişafa doğru gedirik.
– Əvəzedici komandada demək olar, bütün futbolçular akademiyanın yetirməsidir. Bunu necə bacardınız?
– İndiki uşaqlar 12-13 yaşdan bizim akademiyamızdadır. Liqanın ən gənc heyəti bizdədir. Nəticələrimiz də yaxşıdır. Turnir cədvəlində ikinci sıradayıq və liderdən bir xal geridə qalırıq. Qış fasiləsində bir çox oyunçumuza Premyer Liqa və I Liqadan təkliflər gəldi. Ramiz Muradovu “Şamaxı”ya, Əkbər Əyyubovu “Mingəçevir”ə icarəyə göndərdik. Bu uşaqların püxtələşməsində akademiyamızın böyük əməyi var.
– Əvvəlki illərdə “Zirə-2” turnir cədvəlində ya aşağılarda, ya ortalarda qərarlaşırdı. Bu mövsüm isə liderlər sırasındasınız…
– İşlərimizin bəhrəsini görürük. Tək əvəzedici komanda deyil, digər aşağı yaş qruplarımız ötən il mövsümü “beşlik”də bitirdi. U-17 və U-16 komandamız bürünc medal qazandı. Məqsədimiz yalnız yaxşı nəticə qazanmaq üzərində qurulmayıb. İstəyirik ki, gənclərin futbolçu və şəxsiyyət kimi böyüməsinə nail olaq.
-İnkişaf yolunda olduğunuzu dediniz. İşlərə ilk hardan başladınız?
– İlk işimiz məşqçilərin maariflənməsiylə bağlı oldu. Rəhbərlik tərəfindən onlara dəstək olundu, kurs xərcləri qarşılandı. Məşqçilər də bunun qarşılığında vəzifələrini layiqincə yerinə yetirir. Klubda yaxşı iş birliyi var. Bu mövsüm bütün komandalar eyni meydançada hazırlaşır. Bunun mənfi tərəfləri olduğu kimi müsbət məqamı da var ki, birləşir, bir iş görürük.
– AFFA aşağı yaş qruplarında yeni qaydalar tətbiq etdi. U-8-dən U-12-yə qədər liqalarda oyun zamanı geridə qalan komandalar meydana əlavə bir futbolçu buraxa biləcək. Qərarı necə şərh edərdiniz?
– Fikrimcə, düzün yanaşmadı. Uaq liqalarında futbol əyləncə xarakterli olmalıdır. O yaşda uşaqlara nəsə aşılamaq çox tezdir. Təcrübə göstərir ki, uşaqlar yalnız 12-13 yaşdan sonra futbolçu kimi formalaşmağa başlayır. Ona görə federasiyanın qərarını dəstəkləyirəm.
– Uşaq liqalarında yarışların təşkli istənilən səviyyədədir?
– Bu mövsüm bütün yarışların mayda başa çatması nəzərdə tutulub. Bu, yaxşı haldır. Eyni zamanda bəzi liqalarda format dəyişik. U-19 liqasında “altılıq” sistemi yaradılıb, U-14 və U-15 komandaları qruplara bölünüb. Məsələ yarışların hansı formatda keçirilməsi deyil. Uşaq futbolunda vacib məqam meydançadır ki, bu sarıdan əziyyət çəkilir.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.