“Qarabağ” çempionatda 3-cü dəfə məğlub oldu. Özü də bu dəfə autsayder “Kəpəz”ə. Gəncə təmsilçisi “köhlən atlar”ı sonuncu dəfə 24 il əvvəl, 2002-ci ildə məğlub etmişdi. Təsəvvür edirsiz, “Kəpəz” sonuncu dəfə “Qarabağ”ı məğlub edəndə Qurban Qurbanov bu komandanın baş məşqçisi deyildi, “Azərsun” klubun sponsoru olmamışdı, Rəşad Sadıqov “Neftçi”nin formasını geyirdi, Musa Qurbanlı, Nəriman Axundzadə doğulmamışdı, “Şəmkir” çempion idi.
Son turda da Azər Bağırovun “Kəpəz”i son oyunda “Ayntraxt”ı məğlub edərək ÇL-də xallarının sayını 10-a çatdıran Qurban Qurbanovun “Qarabağ”ını məğlub etdi. Əslində “Qarabağ”ın “Kəpəz”ə uduzması problem olmamalıydı. Amma əvvəlki mövsümlərdə olsaydı. Elə mövsüm olub ki, “Qarabağ” “Neftçi”dən başqa bütün komandalarla oyunda xal itirib, sonda çempion olub. Amma indi elə rahatlıq yoxdu axı. Turnir cədvəlində “Qarabağ”dan irəlidə “Sabah” var. O “Sabah” ki, aralarındakı oyunda da həm oyun, həm də nəticə baxımından “köhlən atlar”ı üstələyib. Yəni artıq “Qarabağ” üçün çempionatda rotasiyalı heyətlə oynayıb, “bir ayaqla” çempion ola biləcəyi mühit yoxdu. Bəlkə də bu “Qarabağ” əvvəlkilərdən daha güclüdü. Amma “Sabah” amili Qurban Qurbanovun bütün planlarını poza bilər...
Masazır təmsilçisinin necə güclü olduğunu Qurbanov və korpusu bizdən də yaxşı bilir. Bəs bildiyi halda, niyə meydana niyə eksperimental heyət buraxdı. Artıq xal fərqi 4-ə çatıb. Azarkeşlər “Qarabağ”ın qumar oynayanların pulunu batırdığını, hətta komandanın kontorlara oynadığını iddia edir. Əlbəttə, bu heç də inandırıcı deyil, mümkünsüzdü. Amma belə rəqabətli çempionatı ciddiyə almamaq, “Kəpəz”ə yuxarıdan aşağı baxmaq bəlkə də sonda Ağdam təmsilçisini çempionluqdan edəcək. Bundan sonra hər xal qızıldan dəyərlidi. Belə olan halda “Qarabağ”ın “Kəpəz”ə uduzması...
Təbii ki, Qurban bəy meydana eksperimental heyət buraxmaqla İngiltərədən xalla dönmək niyyəti güdür. Halbuki “Qarabağ”ın pley-offa vəsiqə qazanmaq ehtimalı da 99 faizə bərabərdi, “Liverpul”a uduzmaq ehtimalı da. Belədə “Kəpəz”lə oyunu qurban verməyə dəyərdimi? “Ayntraxt”ı devirən heyətdən 3-4 futbolçu meydanda olsaydı, “Qarabağ” nə itirəcəkdi ki?! Qurban Qurbanov bunu başa düşəndə artıq gec idi, “qatar getmişdi”.
Abbas və Bədavi Hüseynovlar, Sami Mmae, Kris Kuaku, Fabian Buntiç ancaq belə oyunlarda şans qazana bilir. Onlarda da motivasiya olmalıdı. Buraxılan hər iki qol Fabian Buntiçin kobud səhvinin nəticəsidi. Bu artıq motivasiya yox, səviyyə məsələsidi. “Qarabağ” çempionat üçün də heyətini gücləndirməlidi. Artıq “Qarabağ” Avropa səviyyəli klubdu. Top-klubların yaşadığı problem ağdamlıların da başına gələ bilər.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta