AZ

Dəm qazı nədir və ondan necə qorunmaq olar?

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Dəm qazı özü ümumilikdə həyətdə ayrıca mövcud olan qaz deyil. Dəm qazı natamam yanma məhsuludur. Yəni təbii qazın natamam yanma prosesi zamanı dəm qazı ayrılır.

Bu sözləri Axar.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM şöbəsinin rəisi İlkin Behbudov son dövrlərdə dəm qazından boğulma hallarının artması barədə danışarkən deyib.

Onun sözlərinə görə, natamam yanma prosesi təbii qazın qaz qurğularında texniki normativ tələblərə cavab vermədən istifadə olunması zamanı yaranır.

Bu hansı hallarda mövcuddur?

“Qaz qurğuları quraşdırılan otaqlarda düzgün havalandırmanın təmin olunmaması və oksigenin çatışmaması.

1 kub metr qazın yanması zamanı təxminən 10 kub metrə qədər hava, 2 kub metrə qədər oksigen lazımdır. Əgər qazla işləyən qurğular quraşdırıldığı otaqda oksigen təminatı düzgün tənzimlənmirsə və daimi olaraq yeni hava təmin olunmursa, bu zaman yanma prosesi pozulur. Və natamam yanma nəticəsində dəm qazı əmələ gəlir.

Həmçinin tüstü bacasının quraşdırılmaması nəticəsində dəm qazının əmələ gəlməsi qaçılmazdır. Tüstü bacasında normal sovurma getmədiyi zaman yanma prosesi pozulur və dəm qazı yaranır. Bunun da nəticəsində zəhərlənmə və ölüm hadisələri baş verir”.

İstehlakçılara nələr etmək məsləhət görülür?

“Otaqlarda mütləq havanın dəyişilməsi üçün ventilyasiya təmin olunmalıdır. Əgər ventilyasiya sistemi yoxdursa, pəncərələrdə havaçəkən yerlər, qapının aşağı hissəsində dəliklər və ya açıq yerlər olmalıdır. Mütəmadi olaraq otağın havası dəyişdirilməlidir.

Tüstü bacası isə düzgün quraşdırılmalıdır. Damdan ən azı 50 sm yuxarı qalxmalı və divarın içiylə standartlara uyğun çıxmalıdır.

İstehlakçılardan tələbimiz və tövsiyəmiz odur ki, qazdan istifadə qaydalarına, texniki normativ tələblərin qorunmasına düzgün əməl etsinlər. Qeyri-standart su qızdırıcılarından istifadə etməsinlər. Dəm qazından qorunmaq istehlakçılarımızın, vətəndaşlarımızın öz əlindədir”, - Behbudov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
axar.az

1Mənbələr