ain.az, Bizimyol portalına istinadən məlumat verir.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində 11 və 12 yaşlı bacı-qardaşın anası onlara əzab verdiyinə görə cəzalandırılıb.
Bizimyol.info xəbər verir ki, 37 yaşlı Ayna övladlarına əzab verdiyinə, sərxoş vəziyyətdə onları döydüyünə, məktəbdən yayındırdığına, onları diləndirdiyinə görə həbs olunub. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 2 il azadlıqdan məhrum edilib.
Qonşular danışır ki, dəfələrlə uşaqların qışqırıq səsini eşidiblər. Uşaqlar qışqıraraq, kömək istəyiblər. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər veriblər. Hər dəfə Ayna söz verirmiş ki, axırıncı dəfədir, bir daha içki qəbul edib, uşaqları döyməyəcək.
Qonşuların sözlərinə görə, nəinki uşaqlar, Ayna sərxoş vəziyyətdə qonşuların da qapılarını döyür, onları təhqir edirmiş. Ertəsi gün isə deyirmiş ki, heç nə yadında deyil. Qonşular Aynanı dilənçilik edərkən də görüblər: “Uşaqları dilənəndə görməmişik, Aynanı görmüşük. Ehtimal edirik ki, özü dilənirsə, ola bilsin, uşaqları da diləndirər”.
Uşaqların üzərində yanıq izləri də var. Onları analarının yandırdığı güman edilsə də, oğlu deyib ki, anası yandırmayıb. Nənəsigildə çay əlinə tökülüb və əli isti sudan yanıb.
Uşaqların atası Renat bir neçə il əvvəl dünyasını dəyişib.
Ayna məhkəmədə dindirilərkən uşaqlarına bilə-bilə əzab vermədiyini, onları yandırmadığını deyib:
“Evdə səs-küy salanda, evi çirkləndirəndə, bir-biri ilə dalaşanda onların üstünə qışqırmışam. Bəzən ana kimi, acıqlanıb, onları vurmuşam. Oğlumun üstündəki yanıq izi mənim onu yandırdığıma görə deyil. Dayısıgildə olanda ehtiyatsızlıqdan üstünə qaynar çay tökülüb. Mən heç vaxt onu yandırmamışam. Mən heç vaxt uşaqlarımı pul dilənməyə qoymamışam. Uşaqlar özləri məktəbə getmək istəməyiblər. Əvvəllər spirtli içki içirdim. Ona görə uşaqları vurmağım yadımda deyil. Ola bilsin ki, olub”.
Uşaqlar bildiriblər ki, sığınacaqda qalsalar da, analarının arabir onların yanına gəlib-getməsini istəyirlər.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.