Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Berlin, 24 yanvar, AZƏRTAC
Berlində keçirilən 90-cı “Yaşıl Həftə” (Grüne Woche) beynəlxalq sərgisi işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, 50-dən çox ölkədən 1600 şirkətin öz məhsullarını təqdim etdiyi sərgiyə maraq olduqca böyükdür. Hər gün paytaxt Berlindən və Almaniyanın digər şəhərlərindən, eləcə də müxtəlif ölkələrdən minlərlə iştirakçı sərgini ziyarət edir, burada fərqli ölkələrin qidalanma, kənd təsərrüfatı və bağçılıq sahələrində təqdim etdiyi məhsullarla tanış olurlar.
Bu il həm də “Yaşıl Həftə” sərgisinin 100 illik yubileyi qeyd olunur. Almaniyada “Qızıl iyirminci illər”də - 1926-cı ildə əsası qoyulan “Yaşıl Həftə” hazırda qidalanma, kənd təsərrüfatı və bağçılıq sahəsində dünyanın aparıcı beynəlxalq sərgilərindən biri hesab olunur. Ümumi sahəsi 119 min kvadratmetr olan sərgi hər il təxminən 350 min ziyarətçini qəbul edir. Bu mötəbər tədbir həm məhsulların təqdimatı, həm də qlobal kənd təsərrüfatı və qida təhlükəsizliyi ilə bağlı dialoq üçün mühüm beynəlxalq platforma kimi çıxış edir.
“Yaşıl Həftə” sərgisində Azərbaycandan Almaniyaya ixrac edilən bir sıra məhsullar, o cümlədən şərablar, meyvə şirələri, çaylar ziyarətçilərə təqdim edilir. “AzGranata”nın Avropa üzrə distribütoru və “Granata” Almaniya şirkətinin baş direktoru Yusif Təhməzov sərgidə uzun illərdir təmsil olunduqlarını vurğulayaraq deyib: “Berlində keçirilən ənənəvi “Yaşıl Həftə” sərgisində təxminən 15 ilə yaxındır iştirak edirik. Məqsədimiz Azərbaycanda istehsal olunan məhsulları bu sərgidə təqdim etməkdir. Bu il “AzerSun”, “AzGranata” və “Meysəri” brendlərinin məhsullarını nümayiş etdiririk. Sərgiyə qatılmaqla alman istehlakçılarına Azərbaycandan idxal olunan məhsullar haqqında ətraflı məlumat verməyə çalışırıq”.

“Yaşıl Həftə” sərgisinin özünəməxsus cəhətlərindən biri də odur ki, hər bir ölkənin özünü təkcə qida istehsalçısı kimi deyil, turizm məkanı kimi də tanıtması üçün mükəmməl platformadır. Bu isə fərqli ölkələr, ləziz təamlar və turizm həvəskarları olan iştirakçılar üçün əla tanışlıq imkanı yaradır. Sərgini Berlin sakinləri üçün cəlb edən əsas xüsusiyyətlərdən biri də məhz budur.
Berlinli gənclər Yami-Lee Şmiele və Angelina müsahibələrində bu məqamı xüsusi vurğulayıblar. Yami-Lee Şmiele “Yaşıl Həftə”nin müxtəlif ölkələrin məhsulları ilə tanış olmaq üçün unikal platforma olduğunu qeyd edib: “Bu sərgini hər il minlərlə insan ziyarət edir. Burada olmaq, müxtəlif ölkələrin məhsullarını dadmaq çox əyləncəlidir. Bəzən Almaniyada hələ satışa çıxmamış məhsullarla ilk dəfə burada tanış oluruq. Bu, sərgini daha da maraqlı edir”.

Tələbə Angelina isə builki “Yaşıl Həftə”nin əvvəlki illərlə müqayisədə daha zəngin və vizual baxımdan cəlbedici təşkil olunduğunu qeyd edib: “Sərgi çox maraqlıdır. Burada Almaniyada tapa bilmədiyimiz xarici məhsulları dadmaq üçün əla fürsət yaranır. Stendlər çox gözəl tərtib olunub və ziyarətçilərin sayı da xeyli çoxdur”.

Sərginin iştirakçıları arasında orta və yaşlı nəslin nümayəndələrini daha çox görmək mümkündür. Berlin sakini Günter Henninq “Yaşıl Həftə”nin şəhərin həyatının ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb: “Mən hər il “Yaşıl Həftə” sərgisini ziyarət edirəm. Bu, artıq bir ənənəyə çevrilib. Xüsusilə Norveç pavilyonunu çox sevirəm. Düşünürəm ki, hər bir Berlin sakini bu sərgini ən azı bir dəfə görməlidir”.

Qeyd edək ki, yanvarın 25-dək davam edəcək 90-cı “Yaşıl Həftə” sərgisi çərçivəsində kənd təsərrüfatı və qida sənayesinə dair zəngin ekspozisiyalarla yanaşı, iqlim mühafizəsi, dayanıqlı torpaq idarəçiliyi, resurslardan səmərəli istifadə, dövri iqtisadiyyat və yeni texnologiyalar kimi aktual qlobal mövzularda 300-dən çox forum, seminar, konqres və iclas təşkil olunur. Onların arasında Qida və Kənd Təsərrüfatı üzrə Qlobal Forumdur (GFFA) və Kənd İnkişafı üzrə Gələcək Forum xüsusi yer tutur. Sərginin proqramında əsas tədbir olan builki Forumda 70-dən çox ölkədən kənd təsərrüfatı nazirləri və beynəlxalq ekspertlər iqlim mühafizəsi, dayanıqlı torpaq idarəçiliyi, resurslardan səmərəli istifadə, dövri iqtisadiyyat və yeni texnologiyalar kimi aktual qlobal mövzularda müzakirələr aparıblar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.