AZ

“Qarabağ”ın 1/8 finaldakı potensial rəqibləri - “Arsenal” və “Bayern”

Çempionlar Liqasında bu həftə keçiriləcək son turun oyunları ilə Liqa mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki,turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” son tur öncəsi pley-offa vəsiqə qazanmağa çox yaxındır.

Ağdamlılar son matçda “Liverpul”a məğlub olsa belə, ilk “24-lük”də qalmaq şansı yüksəkdir.

Yalnız turnir cədvəlində “Qarabağ”dan aşağıda olan 7 komandanın hamısı qalib gəlməlidir ki, təmsilçimiz “24-lük”dən kənarda qalsın. Ancaq bu da real görünmür.

Bəs, pley-off və 1/8 finalda komandamızın rəqibi kim ola bilər?

Artıq yanvarın 30-da pley-offun püşkü atılacaq. Formata əsasən, 9-10-cu yerlər 23-24-cü yerlərlə, 11-12-cilər 21-22-cilərlə, 13-14-cülər 19-20-cilərlə, 15-16-cılar isə 17-18-cilərlə qarşılaşacaq.

Son turun nəticələrinin ardından komandalar hazırkı mövqelərində qərarlaşsalar, “Qarabağ”ın potensial iki rəqibi “Yuventus” və Dortmund “Borussiya”sı olacaq.

“Liverpul” üzərində sensasiyalı qalibiyyət təmsilçimizin Liqa mərhələsini daha yüksək pillələrdə bitirməsinə gətirib çıxarar ki, belədə nisbətən münasib rəqiblə düşmək imkanı yaradacaq.

1/8 final mərhələsinin formatı da buna bənzərdir. Azərbaycan çempionu Liqa mərhələsini 15-18-ci yerlər aralığında bitirsə və pley-off səddini keçsə, o zaman 1/8 final ən arzuolunmaz rəqibi önünə çıxaracaq.

Çünki Liqa mərhələsini ilk iki sırada tamamlayacaq komandalar 1/8 finalda bu raundun 15-18-ci yerlərindəki pley-off cütlərinin qalibləri ilə qarşılaşacaq.

Hazırkı durumda isə “Qarabağ”ın 1/8 finaldakı potensial rəqibləri “Arsenal” və “Bayern”dir.

Yanvarın 30-da pley-offun, fevralın 27-də isə 1/8 finalın püşkatması olacaq. Pley-off mərhələsinin oyunları fevralın 17-18 və 24-25-də, 1/8 finalın qarşılaşmaları isə martın 10-11 və 17-18-də keçiriləcək.

Seçilən
10
sportinfo.az

1Mənbələr