"Bu yaxınlarda bizə məlum olmuşdur ki, Süleyman Abdullayev həmin torpaq sahəsində beynəlxalq yük daşımalarında istifadə olunan iri qabaritli və tonnajlı TİR maşınları üçün park tikir. Bu kollektiv şikayət ərizəmizə əlavə etdiyimiz şəkillərdən də görünür ki, həmin məqsədlə müvafiq tikinti materiallarının daşınıb töküldüyü torpaq sahəsində artıq TİR avtomobilləri də saxlanılır".
Sözügedən torpaq sahəsi hər tərəfdən fərdi yaşayış evləri ilə əhatə olunmuşdur və həmin evlərdə 1000-ə yaxın əksəriyyəti yaşlı insanlardan və uşaqlardan ibarət əhali yaşayır. Avtomobil parkının yaradılması və istismarı nəticəsində istər-istəməz axıdılacaq işlənmiş avtomobil yanacağı, yağı və s. neft məhsulları nəticəsində nəinki həmin torpaq sahəsi, eləcə də yaxın ətrafda yerləşən ərazilər də eroziyaya uğrayacaq, torpağın münbit qatına bərpa edilməsi çox uzun zaman tələb edəcək ziyan vurulacaqdır. Bundan əlavə, TİR avtomobillərinin səs-küyü insanların rahatlığının pozulmasına, avtomobillərdən çıxan işlənmiş zərərli qazlar atmosferin çirklənməsinə, havanın korlanmasına gətirib çıxaracaqdır. Bütün bunlar isə orada yaşayan insanların əsəblərinə və səhhətinə təsirsiz ötüşməyəcək, müxtəlif xəstəliklərin yaranmasına və inkişafına səbəb olacaqdır.
Biz bununla bağlı narahatlıqlarımızı dəfələrlə Süleyman Abdullayevin diqqətinə çatdırsaq da, o, cavabında torpaq sahəsinin ona məxsus olduğunu və təyinatının dəyişdirdiyini demiş, avtomobil parkının yaradılmasında israrlı olduğunu bildirmişdir.
Bu yaxınlarda Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov kənd camaatı ilə görüşəndə bu məsələ ilə bağlı ona ünvanladığımız suala belə cavab verdi ki, həmin torpaq sahəsi Süleyman Abdullayevin mülkiyyətindədir və istədiyi kimi istifadə edə bilər".
Şikayətçilər bildirib ki, aidiyyəti orqanlara göndərilən şikayətlərə cavab olaraq işin araşdırılması Masallı rayon icra hakimiyyətinə həvalə edilib. Sakinlər icra başçısının qəbulunda da olub. Ancaq edilən iddialara görə, icra başçısı açıq şəkildə iş adamının tərəfini tutub. Şikayətçi sakinlərin sayı, rəsmi şəkildə şikayət edənlərin sayından ən azı 3 dəfə çoxdur. Şikayətdə bildirilir ki, həmin torpaq sahəsinin təyinatı dəyişdirilməyərək, elə əvvəlki kimi kənd təsərrüfatlı təyinatlı kimi qalmışdır:
Belə ki, torpaqlar və onların təyinatının dövlət ehtiyacı və zəruriyyəti olmadan, əhəmiyyətsiz şəkildə dəyişdirilməməsi üzrə verilmiş fərman və sərəncamlarda, eləcə də imza edilən qanun və məcəllərədə öz əksini tapır.
