AZ

Hikmət Hacıyevin də adından yayılan video saxtadır – Rəsmi AÇIQLAMA

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə – Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanıb, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.

Editor.az  xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) həmin video ilə bağlı açıqlama verib.

“Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Eyni zamanda, sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edirik”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, analoji hal bir neçə gün əvvəl Azərbaycan lideri İlham Əliyevlə bağlı da yaşanıb.

Seçilən
73
49
editor.az

10Mənbələr