"Qarabağ”ın şimali makedoniyalı sabiq futbolçusu Artim Şakirinin QOL.az saytına müsahibəsi
- “Qarabağ”ı Çempionlar Liqasında dünya nəhənglərindən olan “Liverpul”la çox vacib bir oyun gözləyir. Matçın başlama saatını bilirsiniz?
- Bəli. Oyun sabah “Enfild” stadionunda keçiriləcək və Avropa vaxtı ilə (Mərkəzi Avropa vaxtı – red.) saat 21:00-da başlayacaq.
- Sualı bu cür qoymaqda oyuna marağınızın nə dərəcədə olmasını bilmək istədim.
- (Gülür). Təbii ki, mənim üçün maraqlı oyundur. Matçı mütləq izləyəcəm.
- Qarşılaşmadan gözləntiniz nədir?
- Bu görüş “Qarabağ” üçün mövsümün ən çətin oyunu olacaq. Düzdür, “Liverpul” Premyer Liqada yaxşı çıxış etmir və müəyyən problemləri var, amma Çempionlar Liqasında necə oynamağı bilən, böyük və təcrübəli klubdur. Buna baxmayaraq, mən düşünürəm ki, “Qarabağ” bu oyunda uduzmayacaq.
- “Qarabağ”ın uduzmayacağını nəyə əsasən deyirsiniz?
- Demək istədiyim odur ki, “Qarabağ” Çempionlar Liqasında çox yaxşı çıxış edir, “Liverpul”un isə hazırda yaxşı formada olmadığı bəllidir.
- 2003-2005-ci illərdə İngiltərənin “Vest Bromviç” klubunda çıxış etmisiniz. Həmin vaxt komandanız həm Çempionşip, həm də Premyer Liqada oynayıb. Sizin “Liverpul”a qarşı oynamaq imkanınız olub?
- Bəli, biz Premyer Liqaya yüksələndən sonra “Liverpul”a qarşı bir dəfə oynamışam. “Enfild”dəki atmosfer möhtəşəmdir. O vaxt da belə idi, indi də. “Liverpul” azarkeşləri çox çılğındır. Bu, “Qarabağ” üçün də çətinlik yaradacaq.

- “Liverpul”la oyununuzun hesabı yadınızdadır?
- Yox, bu oyundan 20 ildən çox vaxt keçib. Yadımda qalan odur ki, uduzmuşduq. Həmişə yaxşı şeyləri xatırlamaq lazımdır (gülür).
- “Qarabağ”ın pley-offa yüksələcəyini düşünürsünüz?
- Bəli. Amma onu da deyim ki, bu, heç də asan deyil. “Qarabağ”a uğurlar arzulayıram və yaxşı nəticə qazanacaqlarına inanıram.
Ramiq Ağaməmmədov