AZ

Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək

Bakı, 27 yanvar, AZƏRTAC

Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, agentlik səhiyyə xidmətlərinin əhatəliliyini genişləndirmək, xüsusilə həssas əhali qruplarının tibbi təminatını gücləndirmək istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu çərçivədə, uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin əlçatanlığının artırılması agentliyin prioritetlərindən biridir.

“Keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin birgə İşçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir. Hazırlıq işləri Xidmətlər Zərfinə daxil ediləcək xidmətlərin, əhatə olunacaq yaş qruplarının və diaqnostikadan müalicəyə qədər təmin ediləcək mərhələlərin müəyyənləşdirilməsini əhatə edir. Bu, geniş və kompleks bir prosesdir. Planlaşdırılır ki, 2027-ci ildən pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta hesabına kompleks tətbiqinə başlanılsın. Bu mərhələ bitdikdən sonra isə digər yaş qrupundakı onkoloji xəstələr üçün tibbi xidmətlərin təminatına keçid ediləcək. Nəticədə yaxın illərdə onkologiya sahəsinin geniş şəkildə icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır”,- deyə Z.Əliyev vurğulayıb.

 

Seçilən
37
10
azertag.az

10Mənbələr