2025-ci il ərzində 236 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi və 1.160 nəqliyyat vasitəsi özəlləşdirilib.
Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ildə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.
Ötən ildə özəlləşdirmədən dövlət büdcəsinə 135,3 milyon manat daxil olub. Bu, 2024-cü illə müqayisədə 26,4 milyon manat və ya 24,2% çoxdur. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123% həcmində təmin olunub.
Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün 2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.
2025-ci il ərzində 4.957 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı isə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23% çoxdur. Ümumilikdə isə hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı illikbüdcə proqnozunun icrası 135.9 % həcmində təmin olunub.