Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxsləri həbs edib.
Həbs edilən şəxslərin "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girdiyi məlum olub.
Bundan sonra sözügedən radikal qruplaşma yenidən gündəmə gəlib.
Bəs "Vilayəti-Xorasan" nədir, nə vaxt yaranıb, kimə xidmət edir?
"Vilayəti-Xorasan" qruplaşması İŞİD rəhbərliyinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə təyin etdiyi Qari Vəli Rəhmanın səyləri ilə 2014-cü ildə təşkilatlanmağa başlayıb. 26 yanvar 2015-ci ildə o vaxtkı İŞİD sözçüsü Əbu Məhəmməd əl-Ədnani "Vilayəti-Xorasan"ın yaradıldığını elan etdi. İŞİD-in İraq və Suriyada çox güclü olduğu bir vaxtda daha bir qolunun yaradılması, təşkilatın qlobal xilafət məqsədinin bir hissəsi olaraq daha geniş bir əraziyə yayılmaq istədiyini göstərdi. Lakin təşkilatın əsas varlığı Xorasan əyalətinə daxil olan bütün ölkələrdə deyil, Əfqanıstanın şərqində yerləşirdi.

Qrupun adına gəlincə, "Vilayəti Xorasan" bir vaxtlar Əfqanıstan, Pakistan, İran və ətraf əraziləri əhatə edən bölgəyə verilən ad imiş. Radikal qruplaşmanın tərəfdarları "müsəlman imperiyalarının itirilmiş şöhrətini və qüdrətini qaytarmaq istəyir", həmçinin müasir milli sərhədləri açıq şəkildə rədd edir. Sözügedən təxribat cəhdindən sonra, görünür, Azərbaycan sərhədini də...
İŞİD-in "Vilayəti-Xorasan" qolu strategiyasını qısa və uzunmüddətli məqsədlər ətrafında formalaşdırıb.
Təşkilat əsasən Əfqanıstanda özü üçün təhlükəsiz zona yaratmaq və yeni üzvlər cəlb etmək məqsədi daşıyırdı. Həmçinin, yeni maliyyələşdirmə təmin etmək üçün özünü regionda "əhəmiyyətli aktyor"a çevirməyə çalışırdı. İranın Suriya və İraqdakı hərəkətlərinə qarşı qisas almaq da təşkilatın qısamüddətli məqsədləri arasında idi. "Vilayəti-Xorasan"ın ordu yaratmaq, yerli dəstəyi təmin etmək və saxlamaq, Xorasanda, xüsusən də Əfqanıstanda "cihadı ələ keçirmək" və maliyyə muxtariyyətinə nail olmaq kimi uzunmüddətli məqsədləri olub. Bu iddialı məqsədlərə çatmaq üçün təşkilatın ardıcıl bir strategiyaya ehtiyacı var idi. O, bu strategiyanı müqavimətin daha zəif olacağına inandığı ərazilərə maksimum təzyiq göstərmək əsasında formalaşdırdı. "Taliban" daxilindəki münaqişələr və ABŞ-nin geri çəkilməsindən sonra Əfqanıstan hökumətinin sürətlə çökəcəyinə dair şayiələr Əfqanıstanın təşkilatın strateji diqqət mərkəzində qalmasını təmin etdi. Digər tərəfdən, Pakistan təşkilatın Əfqanıstan və İrana genişlənməsi üçün logistika fonu təmin edəcəkdi.
2018-ci ilin sonuna qədər təşkilatın fəaliyyət sahəsi əsasən Kabil, Kunar və Nəngəharla məhdudlaşdı. 4 aprel 2020-ci ildə "Vilayəti-Xorasan"ın o vaxtkı əmiri İslam Faruqi Əfqanıstan hökuməti tərəfindən Qəndəharda həbs edildi. Onun varisi Əbu Ömər əl-Xorasani 11 mayda Kabildə tutuldu. Təşkilatın iki liderinin həbsi "Taliban"ın Əfqanıstan hökuməti və koalisiya qüvvələrinə qarşı ağır məğlubiyyətlərdən sonra ciddi şəkildə zəiflədiyi bir dövrə təsadüf etdi. Təşkilat ərazi itkiləri, liderlərinin öldürülməsi və hərbi təzyiq dövründə yerli müttəfiqlərinin zəifləməsi səbəbindən əhəmiyyətli dərəcədə tənəzzülə uğradı. Lakin 2020-ci il ərzində təşkilatın itkilərində yavaşlama müşahidə edildi və yenidən bərpa olunmağa başladı. Bundan əlavə, təşkilatın fəaliyyət sahəsi son dövrlərdə daha da genişlənib.
Təxminən 1500-2000 üzvü olduğu deyilən təşkilatın mərkəzi strukturu yoxdur və ölkə daxilində müxtəlif kiçik qrupların muxtar əməliyyat imkanlarına güvənir.
İŞİD-in bu qolunun potensialı bölgədəki əvvəlki "cihadçı təşkilatlar"dan xeyli yüksək olsa da, təşkilat doqquz fərqli dövləti əhatə edən yüksək dərəcədə parçalanmış sosial və siyasi mühitlə mübarizə aparırdı.
"Vilayəti-Xorasan"ın törətdiyi terror aktları

2020-ci ilin may ayında Kabildə bir məktəbə bombalı hücum təşkil edildi.
8 iyun 2021-ci ildə Bağlanda şiə həzara icmasını hədəf alan başqa bir hücum həyata keçirildi.
Təşkilat 2021-ci ildə Əfqanıstanda üç böyük hücum həyata keçirib.
2022-ci ilin sentyabrında "Xorasan" silahlıları Rusiyanın Kabildəki səfirliyində partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdülər.
2024-cü il yanvarın 28-də İstanbuldakı Müqəddəs Məryəm Katolik Kilsəsində atışma "Vilayəti-Xorasan" qruplaşmasının silahlıları tərəfindən törədilib.
2024-cü ildə Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında kamuflyaj geyinmiş bir neçə nəfərin avtomat silahdan atəş açması nəticəsində aralarında uşaqlar da olmaqla 133 adam ölüb, 150-dən çoxu yaralanıb. Elə həmin silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürdü.
Dərbənddə və Mahaçqalada baş verən terror hücumunda 66 yaşlı pravoslav keşiş Nikolayın boğazını kəsmələri və öz soydaşları olan 15 polis işçisini qətlə yetirmələri göstərir ki, onlar amansızlıqları ilə dünyada ad çıxarmış İŞİD döyüşçülərindən geri qalmırlar.
Ağarza Elçinoğlu