AZ

İsrail ABŞ ilə 10 illik yeni hərbi yardım sazişi imzalamağa hazırlaşır-ÖZƏL

İsrail ABŞ ilə 10 illik yeni hərbi yardım müqaviləsi imzalamağa hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb. Bildirilir ki, Tel-Əviv yeni saziş çərçivəsində ABŞ-dan aldığı birbaşa maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azaldılmasına hazırlaşır. Hazırda qüvvədə olan və 2028-ci ildə başa çatacaq mövcud razılaşmaya əsasən, ABŞ hər il İsrailə ən azı 4 milyard dollar məbləğində hərbi yardım ayırır. İsrail Müdafiə Nazirliyinin baş maliyyə müşaviri Gil Pinhasın sözlərinə görə, qarşıdakı danışıqlarda Tel-Əviv birbaşa maliyyə subsidiyalarındansa, birgə hərbi və müdafiə layihələrinə üstünlük verməyi planlaşdırır. Danışıqların yaxın həftələrdə baş tutacağı gözlənilir.
"Bu kontekstdə tərəfdaşlıq sadəcə maliyyə məsələsindən daha önəmlidir. Pul qədər dəyərli olan çoxsaylı imkanlar mövcuddur", - deyə Pinhas bildirib. Onun sözlərinə görə, İsrailin ABŞ silahlarının alınması üçün istifadə etdiyi illik milyardlarla dollar həcmində "pulsuz maliyyə vəsaiti" bu sazişin yalnız bir komponentidir.
Pinhas əlavə edib ki, İsrail hazırkı və gələcək birgə hərbi sistemlərin hazırlanması layihələrini də müzakirə etmək niyyətindədir. Bu layihələr mütləq yeni 10 illik saziş çərçivəsində deyil, ayrıca razılaşmalar əsasında da həyata keçirilə bilər. "Siz investisiya qoyursunuz, onlar da qoyur və nəticədə hər iki tərəf qazanır", - deyə o vurğulayıb.
Qeyd edək ki, təhlükəsizlik sahəsində yeni "qarşılıqlı anlaşma memorandumu" üzrə danışıqlar Qəzzada davam edən müharibə səbəbindən bir müddət təxirə salınmışdı. İsrail tərəfinin təklifinə əsasən, yeni saziş çərçivəsində vəsaitin bir hissəsi birbaşa hərbi yardıma deyil, ABŞ-İsrail birgə elmi-tədqiqat və inkişaf layihələrinə yönəldilə bilər. Bu layihələrə müdafiə texnologiyaları, müdafiə sahəsində süni intellekt və "Qızıl Qübbə" adlı raketdən müdafiə sistemi də daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
olaylar.az

1Mənbələr