AZ

Rusiya Suriyanın şimal şərqini tərk edir Qamışlı aerodromu hökumətə təhvil verilir

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Silahlı Qüvvələri Suriyanın şimal-şərqində yerləşən Qamışlı aerodromundan hərbçilərini çıxarmağa başlayıb. Bu proses ölkədə son vaxtlar baş verən siyasi və hərbi dəyişikliklər, xüsusilə də Dəməşq hökumətinin illərdir kürd silahlılarının nəzarətində olmuş ərazilər üzərində nəzarəti bərpa etmək cəhdləri fonunda həyata keçirilir.

“Reuters” agentliyi beş mənbəyə istinadla, eləcə də bir sıra ərəb KİV-lərinin məlumatlarına əsasən bildirir ki, rus hərbçiləri Qamışlı aerodromunu tərk edir. Rusiya hərbçiləri bu ərazidə 2019-cu ildən yerləşdirilmişdi. Qeyd olunur ki, Qamışlıdakı kontingentin sayı Rusiyanın Suriyadakı digər əsas bazaları - Tartus və Hmeymimlə müqayisədə xeyli az olub.

Mənbələrin bildirdiyinə görə, son iki gün ərzində Rusiya ordusuna məxsus hərbi texnika və ağır silahlar Hmeymim bazasına köçürülür. Qamışlıda xidmət edən hərbçilərin bir hissəsinin Hmeymimdə qalacağı, digər hissəsinin isə Rusiyaya geri qaytarılacağı iddia olunur.

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, bazar ertəsi gününə olan məlumata görə, Qamışlı aerodromunda hələ də Rusiya bayraqları dalğalanmaqda idi. “Reuters”in mənbələrindən biri isə Suriyada formalaşan yeni hakimiyyətin Rusiyadan bu bazanı tərk etməsini xahiş etdiyini bildirib.

Xatırladaq ki, Rusiya Suriya vətəndaş müharibəsi dövründə Bəşər Əsəd rejiminin əsas hərbi-siyasi dayaqlarından biri olub. Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra da Rusiyanın Suriyadakı hərbi mövcudluğu qorunub saxlanılmışdı. Moskva yeni Suriya rəhbərliyini – ölkəyə hazırda rəhbərlik edən Əhməd əş-Şaraanı tanıyıb. O, ötən il Moskvaya rəsmi səfər də edib.

Son həftələrdə isə PYD və YPG terror qruplaşmaları ilə bağlı vəziyyət kəskin dəyişib. Bir sıra silahlı toqquşmalardan sonra özlərini “Suriya Demokratik Qüvvələri” adlandıran terrorçular Dəməşq hakimiyyəti ilə razılaşmaya getməyə məcbur qalıb. Razılaşmaya əsasən, mərkəzi hökumət şimal-şərq bölgələr üzərində nəzarəti mərhələli şəkildə bərpa edəcək, terrorçular ya ölkəni tərk edəcək, ya da hökumətə təslim olacaq.

Analitiklər hesab edirlər ki, Rusiyanın Qamışlıdan çəkilməsi Suriyada yeni siyasi-hərbi reallıqların formalaşdığını və Moskvanın bu mərhələdə mövqelərini yenidən tənzimlədiyini göstərir.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
azpolitika.info

1Mənbələr