AZ

Ermənistan COP29-u boykot etdi, Azərbaycanı COP17-ə çağırır

Xəbər verildiyi kimi, Ermənistan bu il oktyabrın 18-30-da keçiriləcək BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə hazırlaşır. Rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini rəsmi olaraq qəbul etməyə hazır olduğunu bəyan edib.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan məlumat yayıb.

Onun sözlərinə görə, COP17 sammitinin keçirilməsi ilə bağlı bildirişlər artıq 196 üzv ölkəyə çatdırılıb və yaxın günlərdə rəsmi dəvətlər də göndəriləcək.

Xatırladaq ki, Ermənistan 2024-cü ildə Bakıda keçirilən COP29 iqlim sammitində iştirak etməyib. Ona görə də maraqlıdır, Azərbaycan tərəfi dəvəti qəbul etməlidirmi?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, Ermənistanın bu ilin oktyabrında ev sahibliyi edəcəyi BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransı (COP17) təkcə ekoloji gündəmlə məhdudlaşmayan, eyni zamanda Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi-diplomatik reallıqların fonunda diqqət çəkən tədbirdir: "Ermənistanın ətraf mühit naziri Matevosyanın Azərbaycan nümayəndə heyətinin COP17-də iştirakına hazır olduqlarını bəyan etməsi və tezliklə rəsmi dəvətin göndəriləcəyini açıqlaması bu baxımdan əhəmiyyət daşıyır. Bu açıqlama ilk baxışdan texniki və protokol xarakteri daşısa da, əslində regional münasibətlər sistemində baş verən transformasiyaların, Ermənistanın dəyişən ritorikasının və Azərbaycanın formalaşdırdığı yeni siyasi reallıqların dolayısı etirafı kimi də qiymətləndirilə bilər.

COP formatlı tədbirlər mahiyyət etibarilə ekoloji problemlərin, iqlim və biomüxtəliflik çağırışlarının müzakirəsinə həsr olunsa da, beynəlxalq münasibətlərdə bu platformalar çox zaman yumşaq diplomatiya aləti kimi çıxış edir. Xüsusilə də uzunmüddətli münaqişə yaşamış və ya münasibətləri normallaşma mərhələsində olan ölkələr üçün belə tədbirlər siyasi mesajların dolayı yollarla ötürülməsi baxımından da əlverişli mühit yarada bilər.

Ermənistanın bu addımı hələlik daha çox zərurətdən doğan taktiki gediş təəssüratı yaradır. Ola bilsin ki, İrəvan beynəlxalq ictimaiyyət qarşısında konstruktiv imic formalaşdırmağa çalışır.

Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçməsinə baxmayaraq, Azərbaycanda keçirilən COP29-a qatılmaması isə belə təəssürat yaratdı ki, İrəvan üçün regional və beynəlxalq əməkdaşlıq hələ də situativ və daxili siyasi konyunkturaya bağlıdır.

Deputat onu da qeyd etdi ki, Azərbaycan üçün COP29 yalnız texniki tədbir deyil, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyasını, Ermənistanın uzun illər ərzində törətdiyi ekoloji vandalizmi beynəlxalq auditoriyaya çatdırmaq imkanı idi: "Ermənistanın bu prosesi boykot etməsi faktiki olaraq həmin reallıqlardan yayınmaq, göz önündə olan həqiqətlərdən qaçmaq cəhdi kimi də qiymətləndirilə bilər.

Azərbaycan üçün isə məsələ daha fərqli müstəvidədir. Bakı hər hansı beynəlxalq tədbirdə iştirakı emosional deyil, rasional və milli maraqlar prizmasından qiymətləndirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Vaşinqton sammitindən sonra reallıqlar dəyişib və artıq sülh gündəliyinin təşviqi və irəliyə doğru aparılması üçün ciddi addımlar atılır. Bu baxımdan, Ermənistanın dəvətinin ekoloji təsisatlar müstəvisindən dəyərləndirilə biləcəyi ehtimalı da var".

Seçilən
9
ekologiya.az

1Mənbələr