AZ

“Gənclər, sizə deyiləsi sözüm var”

“Məşhur bayatıda deyildiyi kimi, “Dünya bir pəncərədir, Hər gələn baxar, gedər”. Bineyi-qədimdən o pəncərədən baxıb gedən nəsil-nəsil insanlar fani dedikləri dünyada iz qoymağa can atıb, özündən sonra gələn nəsillərə kömək etmək, yolların ən doğrusunu onlara göstərmək ümidi, arzusuyla yaşayıb. Bu, insanların əbədi karvan yolunda ən müqəddəs bir hissi, ehtirama layiq ən yüksək səviyyəli bir duyğusu, bütünlükdə bəşəriyyətə layiqli xidmət nümunəsidir...”

Yazıçı-publisist, Əməkdar jurnalist Sadıq Elcanlının bu fikirləri Şabranın qocaman ziyalısı, şair-publisist, onillər boyu söz işığında yaşayan, öz sənətiylə yanaşı, jurnalistika ilə də məşğul olan Zakir Bayramlının “Gənclər, sizə deyiləsi sözüm var” adlı kitabına yazdığı ön sözdən götürülüb.

Z.Bayramlının yeni işıq üzü görən bu kitabı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin layihəsi üzrə “525-ci qəzet”də dərc olunmuş məqalələri əsasında tərtib edilib. Əsər Azərbaycan gənclərinin Vətənə, torpağa və xalqa tükənməz məhəbbətinə, orduya və ailəyə sadiq olmasına, sədaqətli və etibarlı övlad kimi yetişməsinə, onların müstəqil dövlətçiliyimizə, dövlət rəmzlərinə və qanunlarımıza hörmət və sevgi hissi ilə yanaşılmasına həsr olunub.

Qocaman qələm sahibinin kitabdakı yazıları bir istək, arzu, bütövlükdə, bu günün gəncliyinə, Vətən, Xalq, Azərbaycan naminə əsl həqiqətləri demək ehtiyacı birləşdirir. Uzun müddət rayon təhsil sistemində çalışan, düzlüyü, halallığı, vətənpərvərliyi ilə seçilən Zakir müəllim məqalələrində daha çox təhsil və tərbiyə məsələlərinə, bu problemlərin tarixi və müasir elmi-nəzəri təhlil və dərkinə həsr olunub.

Yeri gəldikcə Şərqin və Qərbin böyük filosoflarının əsərlərinə, “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm sənət abidəmizə, Konfutsi kimi dahilərin söz xəzinəsinə, xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali həqiqətlərə qapı açan müdrik fikirlərinə müraciət olunur. Azərbaycan ailə-məktəb mühitinin uğurları, eləcə də problem və perspektivləri ciddi analitik, elmi-publisistik təhlilə cəlb edilir.

Təhlillərdə, elmi-praktik qiymətləndirmələrdə analitik xırdalıqlar, sintetik bütövlük paralel aparılır, biri digərini tamamlayır və nəticədə qoyulan problem elmi-nəzəri, praktik-publisistik həllini tapır. Bəzən müəllif öz poetik örnəklərindən də istifadə edir, beləliklə, problemə poeziya işığında baxmaqdan da çəkinmir.

“Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq”, “Yeni nəslin tərbiyəsi: ailənin və məktəbin təsiri vəhdətdə”, “Müəllim nüfuzu: təlim-tərbiyədə müstəsna amil”, “Gənclik və ana dilimiz: Azərbaycançılıq üçün çox vacib amil” və bir çox başqa yazılarında Zakir Bayramlının öz xalqına, millətinin gələcəyi olacaq gəncliyə doğruları, həqiqətləri demək istəyən, bu arzu və ümidlə, bu inam və inadla yola çıxan qələm sahibinin səsini eşidirsən. Ümid edirik ki, müasir Azərbaycan gəncliyi də bu kitabı oxuyacaq və onu doğru yola istiqamətləndirəcək o səsi eşidəcək.

R.İLQAR
XQ

Seçilən
47
1
xalqqazeti.az

2Mənbələr