AZ

Türkiyədə zəlzələ risqinə qarşı sənaye yatırımlarının Anadoluya köçürülməsi planlaşdırılır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Mərmərə bölgəsində mümkün güclü zəlzələnin istehsal və logistika sisteminə mənfi təsirlərini azaltmaq məqsədilə Türkiyədə sənaye siyasətində yeni mərhələ başlanır.

TurkicWorld xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası ilə Mərmərə bölgəsində həddindən artıq sənaye sıxlığının azaldılması, zəlzələ risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və ölkə üzrə balanslı sənaye bölgüsünün təmin olunması istiqamətində işlər sürətləndirilib. Bu çərçivədə xüsusilə Mərkəzi Anadolu və Şərqi Aralıq dənizi bölgələrində yeni sənaye hövzələrinin formalaşdırılması planlaşdırılır.

Sənaye və Texnologiya naziri Fatih Kacır millət vəkillərinin suallarını cavablandırarkən bildirib ki, hazırda 64 vilayətdə 166 Sənaye Parkı layihəsi həyata keçirilir. Məqsəd sənayenin Mərmərə bölgəsindən kənara yayılması, regional inkişafın dəstəklənməsi və yerli məşğulluğun artırılmasıdır. Nazirliyin hazırladığı “Milli Sənaye Sahələri Baş Planı” isə megapolis şəhərlərdə və zəlzələ riski yüksək olan ərazilərdə cəmlənmiş sənayenin Anadoluya mərhələli və balanslı şəkildə köçürülməsini nəzərdə tutur.

Nazirlik eyni zamanda İstanbul, Tekirdağ, Bursa, Balıkesir, Çanaqqala, Yalova, Kocaeli və Sakarya vilayətlərində yerləşən 77 Sənaye Parkı, iri sənaye müəssisələri, eləcə də nəqliyyat və enerji infrastrukturları üzrə zəlzələ risklərinin müəyyən edilməsi üçün genişmiqyaslı analizlərə başlayıb. Bu tədqiqatlar Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu ilə birgə aparılır və əldə ediləcək nəticələr əsasında sənaye bölgələrinin yerləşdirilməsi üçün xüsusi metodik vəsait hazırlanacaq.

Bununla yanaşı, Orta Anadolu İnkişaf Agentliyi tərəfindən icra olunan layihələr çərçivəsində Kayseri, Sivas və Yozqat vilayətlərində istehsal gücünün artırılması, sənaye strukturunun möhkəmləndirilməsi və bölgənin milli logistika şəbəkəsinə inteqrasiyası istiqamətində tədbirlər görülür.

Mədən Tədqiqat və Axtarış Baş İdarəsinin son hesabatına görə, Türkiyədə 45 vilayət və 110 rayon aktiv fay xətləri üzərində yerləşir. Uzunluğu təxminən 1 200 kilometr olan Şimal Anadolu Fay Xətti 24 şəhər mərkəzindən keçir və 7 baldan yuxarı zəlzələ potensialına malikdir. Qərbi Anadolu Fay Xətti isə Muğla, Aydın, İzmir, Manisa və Denizli kimi iri sənaye mərkəzlərini əhatə edir. İzmir, Bursa və Kocaeli kimi şəhərlərdə yüzlərlə iri sənaye müəssisəsinin birbaşa risk zonasında yerləşməsi sənayenin coğrafi strukturunun yenidən nəzərdən keçirilməsini zəruri edir.

Seçilən
19
turkic.world

1Mənbələr