Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Birliyi (AB) Meta şirkətinə məxsus mesajlaşma və zəng tətbiqi olan WhatsApp-ı daha sərt qaydalara tabe olan çox böyük bir onlayn platforma kimi təsnif edib.
Banco.az xəbər ki, Avropa Komissiyası WhatsApp-ın Aİ ölkələrində 45 milyon istifadəçi həddini keçdiyini və buna görə də Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən "Çox Böyük Onlayn Platforma" statusu aldığını açıqladı.
Bəyanatda WhatsApp-ın şəxsi mesajlaşmanı onlayn platforma xüsusiyyətləri ilə birləşdirən hibrid bir xidmət olduğu xatırladılıb. Qeyd olunub ki, istifadəçilərə məlumat, yeniləmələr və elanlar paylaşmağa imkan verən WhatsApp Kanalları onlayn platforma xidməti tərifinə daxildir və buna görə də Aİ-dəki onlayn platformaların riayət etməli olduğu ümumi öhdəliklərə tabedir.
Yeni təsnifata əsasən, WhatsApp-ın may ayının ortalarına qədər əlavə hüquqi öhdəliklərə əməl etməsi lazımdır.
Bəyanatda deyilir: "Bu öhdəliklərə onun xidmətlərindən irəli gələn sistemli risklərin, məsələn, fundamental insan hüquqlarının və ifadə azadlığının pozulması, seçki manipulyasiyası, qanunsuz məzmunun yayılması və məxfilik problemləri kimi risklərin düzgün qiymətləndirilməsi və azaldılması daxildir".
Aİ-də "Facebook", "Instagram", "YouTube" və "LinkedIn" kimi müxtəlif platformalar da çox böyük onlayn platformalar kimi təsnif edilir və bu platformalar qanunsuz və zərərli məzmunla mübarizə aparmaq üçün daha çox iş görməlidir.