BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq nizamının möhkəmləndirilməsinə həsr olunmuş açıq debatlarda bildirib ki, sülh, ədalət və səmərəli çoxtərəflilik dövlətlərin BMT Nizamnaməsi və beynəlxalq hüquq üzrə öhdəliklərinə əməl etməsindən birbaşa asılıdır.
AZƏRTAC xəbər verir ki, Quterreş xatırladıb: hüququn aliliyi prinsipi İkinci dünya müharibəsindən sonra yaradılmış beynəlxalq təhlükəsizlik sisteminin təməlində dayanır.
BMT rəhbərinin sözlərinə görə, son 80 il ərzində beynəlxalq hüquq bəşəriyyətə yeni dünya müharibəsindən yayınmağa və çoxsaylı regional münaqişələrin nəticələrini yumşaltmağa kömək edib. Bu sistem bütün dövlətlər üçün məcburi olub, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətə əsaslanır.
Baş katib qeyd edib ki, 2024-cü ildə BMT-yə üzv dövlətlər “Gələcək naminə Pakt”ı qəbul edərək beynəlxalq hüquqa sadiqliklərini bir daha təsdiqləyib. Lakin vəziyyət sürətlə pisləşir.
“Bütün dünyada hüququn aliliyi getdikcə “cəngəllik qanunu” ilə əvəz olunur”, – deyə Quterreş bildirib.
O, qanunsuz güc tətbiqindən və mülki infrastruktura zərbələrdən tutmuş həyati əhəmiyyətli humanitar yardımın qarşısının alınmasına qədər beynəlxalq hüququn kobud şəkildə pozulmasını və BMT Nizamnaməsinə açıq etinasız münasibəti misal çəkib. Baş katibin sözlərinə görə, bu cür hərəkətlər təhlükəli presedentlər yaradır və dövlətlər arasında etimadı sarsıdır.
“Qəzzadan Ukraynaya, Sahildən Myanmaya, Venesuelada və digər ölkələrdə beynəlxalq hüquq normalarına getdikcə “menyu” kimi yanaşılır, yəni, yalnız sərfəli olan seçilir”, – deyə BMT rəhbəri vurğulayıb.
Quterreş bildirib ki, Təhlükəsizlik Şurası BMT Nizamnaməsinə əsasən sülh və təhlükəsizlik məsələləri üzrə bütün dövlətlər üçün məcburi qərarlar qəbul etmək səlahiyyətinə malik yeganə qurumdur. Məhz buna görə də Təhlükəsizlik Şurasının təmsilçilik qabiliyyətinin və səmərəliliyinin artırılması üçün islahat zəruridir.
Baş katib üç əsas fəaliyyət istiqamətini vurğulayıb.
Birincisi, bütün dövlətlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir: “BMT Nizamnaməsinin məqsəd və prinsipləri könüllü xarakter daşımır”.
İkincisi, o, mübahisələrin dinc yolla həlli üçün BMT Nizamnaməsində nəzərdə tutulan mexanizmlərdən – danışıqlardan, vasitəçilikdən və arbitrajdan daha fəal istifadə etməyə, habelə münaqişələrin qarşısını almaq məqsədilə regional təşkilatlarla əməkdaşlığı gücləndirməyə çağırıb. O əlavə edib ki, inkişafa sərmayə qoymadan, yoxsulluq, bərabərsizlik və korrupsiya ilə mübarizə aparılmadan sülh mümkün deyil.
Üçüncü olaraq Quterreş müstəqil məhkəmə sisteminin və hesabatlılığın əhəmiyyətini vurğulayıb. O, dövlətləri BMT-nin Beynəlxalq Məhkəməsinin məcburi yurisdiksiyasını tanımağa və Beynəlxalq Cinayət Məhkəməsinin müstəqil fəaliyyətini təmin etməyə çağırıb.
Çıxışının sonunda Baş katib BMT Təhlükəsizlik Şurasının üzvlərinin rolunu da xatırladaraq bildirib ki, onlar BMT Nizamnaməsinin müddəalarına əməl olunması məsələsində “xüsusi məsuliyyət daşıyır və nümunə göstərməlidirlər”.