AZ

Beyni aktiv saxlayan sadə səhər vərdişləri

Mütəxəssislər bildirir ki, səhər saatları yalnız oyanmaq üçün deyil, həm də beynin günə hazırlaşdığı ən vacib mərhələdir.

E-saglam.az-ın məlumatına görə, oyandıqdan sonrakı ilk 60 dəqiqədə kortizol ritmi, vegetativ sinir sistemi və bioloji saat eyni vaxtda aktivləşir. Bu dövrdə verilən düzgün siqnallar gün boyu diqqətin, enerjinin və zehni aydınlığın formalaşmasında həlledici rol oynayır.

Səhər tezdən telefonla məşğul olmaq və ya dərhal qəhvə içmək beyni lazımsız stressə sala bilər. Halbuki kiçik, amma doğru vərdişlər sinir sisteminin daha balanslı işləməsinə kömək edir və idrak fəaliyyətini gücləndirir.

Soyuq su ilə üzün və boynun yuyulması beyni tez oyadır və ayıqlığı artırır. Günəş işığı isə bioloji saatın ən güclü tənzimləyicisidir. Oyandıqdan sonra 10–15 dəqiqə açıq havada olmaq diqqətin daha stabil qalmasına və axşam yuxusunun yaxşılaşmasına kömək edir.

Səhərin ilk saatında telefondan uzaq durmaq beynin öz oyanma mexanizmini sağlam şəkildə qurmasına imkan yaradır. Nəfəs məşqləri isə sinir sistemini sakitləşdirir və zehni gərginliyi azaldır. Dörd saniyə nəfəs alıb, altı saniyə nəfəs verməklə bir neçə dəqiqə davam etmək kifayətdir.

Qəhvəni oyandıqdan dərhal sonra yox, 60–90 dəqiqə sonra içmək daha faydalıdır. Bu zaman bədən təbii oyanma prosesini tamamlamış olur və enerji daha stabil şəkildə yüksəlir. Qəhvədən əvvəl su içmək də orqanizmi oyatmağa kömək edir.

Səhər yüngül hərəkət, zülallı qidalar və kifayət qədər su beyin üçün ən güclü dəstəkdir. Bu vərdişlər zehni aydınlığı artırır, diqqəti gücləndirir və gün boyu daha balanslı enerji təmin edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr